Prezident Ukraynanın hərbi istehsal imkanlarının genişləndiyini bildirib


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkə məhdud resurslara malik olmasına baxmayaraq, döyüş meydanında mühüm nəticələr əldə edib və ukraynalılar bununla fəxr edə bilər.






Moderator.az xəbər verir ki, bu barədə o, Odessaya səfəri zamanı bəyan edib. Məlumatı "rbc.ua" nəşri yayıb.


Zelenskinin sözlərinə görə, Ukrayna öz torpağını müdafiə etdiyi üçün dünyanın dəstəyini qazanıb və "bütün vicdanlı insanlar Ukraynanın rus alçaqları üzərində qələbəsini gözləyir". O, qeyd edib ki, Ukrayna hərbi-sənaye kompleksi artıq yüz minlərlə pilotsuz aparat istehsal edir.


O bildirib ki, dronlar, raketlər, radioelektron mübarizə vasitələri və digər müasir silahların istehsalı gələcəkdə Rusiyanın imkanlarını üstələyə bilər. Prezident əlavə edib ki, Xarici İşlər və Müdafiə nazirliklərinə istehsalın genişləndirilməsi üçün tərəfdaşlardan əlavə maliyyə cəlb etmək tapşırılıb.


Prezident həmçinin Odessa və ümumilikdə Qara dəniz sahillərinin müdafiəsi üçün dənizdə yeni hava hücumundan müdafiə xəttinin yaradılmasını təklif edib. Onun sözlərinə görə, konsepsiya dəniz platformaları və dəniz dronları üzərindən buraxılan dron-tutucular vasitəsilə sahilboyu hava məkanının qorunmasını nəzərdə tutur.