"Regionda təsiri nəzərəçarpacaq dərəcədə artan Türkiyə İsrailin rəqibi sayıla bilər, lakin onu düşmənə çevirmək ölkənin maraqlarına uyğun deyil..."


İsrailin Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Mərkəzinin Fələstin Araşdırmaları Forumunun rəhbəri bildirib ki, İsrail hökumətinin siyasəti ölkəni "sonsuz müharibə" modelinə yaxınlaşdırır.






Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.


Ekspertin fikrincə, İran, Livan və Qəzza bölgəsində fəak döyüşlər səngisə də, bu istiqamətlərin heç birində həlledici qələbə əldə olunmayıb. Ekspert yazır ki, İsrail rəqiblərinə ciddi zərbələr endirsə də, onların heç biri tam məğlub edilməyib. Onun sözlərinə görə, bölgədə gərginlik davam edir, İranın nüvə proqramı və raket potensialı isə hələ də əsas təhlükələrdən biri olaraq qalır.


Məqalədə vurğulanır ki, müharibənin uzadılması ilə bağlı qərarlar təkcə hərbi-strateji deyil, həm də siyasi və ideoloji amillərlə izah olunur. Müəllif hesab edir ki, İsrail rəhbərliyi cəmiyyəti yalnız uğurlara deyil, buraxılan səhvlərə də obyektiv qiymət verməyə təşviq etməlidir.


Ekspert hesab edir ki, regionda Türkiyənin təsiri də nəzərəçarpacaq dərəcədə artıb. Onun fikrincə, Ankara İsrailin rəqibi sayıla bilər, lakin onu düşmənə çevirmək ölkənin maraqlarına uyğun deyil və bu, Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər.


Analitikin fikrincə, İsrail yeni düşmənlər yaratmaqdan çəkinməli, münaqişələrin siyasi yolla tənzimlənməsinə daha çox üstünlük verməlidir. O xəbərdarlıq edir ki, "düşməni tam məhv etmək" məqsədi ölkəni tükənməyə, daxili parçalanmaya və beynəlxalq təcridin dərinləşməsinə gətirib çıxara bilər.