Ukraynanın Rusiya ərazisi və Krıma endirdiyi zərbələr Moskvanın hava hücumundan müdafiəsindəki problemləri üzə çıxarır




 
Ukraynanın Moskva, Sankt-Peterburq və işğal altındakı Krıma endirdiyi zərbələr artıq əvvəllər əlçatmaz sayılan hədəflərə çatır və Rusiya üçün ciddi nəticələr doğurur.
 
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri yazıb.
 
Məqalədə bildirilir ki, son bir ildə Rusiyanın enerji və digər kritik infrastruktur obyektlərinə hücumlar Kiyevin strategiyasının əsas hissəsinə çevrilib. Krımda yolların, körpülərin, dəmir yollarının və bərə keçidlərinin hədəfə alınması isə yarımadanın təcridinə yönəlmiş yeni taktika kimi qiymətləndirilir.
 
Nəşrin danışdığı analitiklərin fikrincə, bu addımlar tam qələbə olmasa da, müharibənin gedişində görünməmiş dəyişiklikdən xəbər verir. "Militarnıy" nəşrinin redaktoru Vadim Kuşnikov bildirib ki, Moskva və Sankt-Peterburqa qarşı həyata keçirilən əməliyyatlar Ukraynanın indiyədək ən mürəkkəb hücumlarıdır. Onun sözlərinə görə, buna Rusiyanın zenit raketləri çatışmazlığı da şərait yaradır.
 
Ukraynanın keçmiş müdafiə nazirinin müavini Alina Frolova isə qeyd edib ki, Kiyev orta və uzaqmənzilli raketlərin istehsalını artırıb, Rusiya isə kadr, texnologiya və maliyyə çatışmazlığı yaşayır. Onun fikrincə, Krımın təcrid edilməsi daha real hədəfdir. 
 
Frolova hesab edir ki, təchizatın kəsilməsi Rusiyanın yarımadada hərbi qüvvə saxlamasını ciddi çətinləşdirəcək, növbəti əsas hədəf isə Kerç körpüsü ola bilər. Kuşnikovun sözlərinə görə, Krımın təcridi Rusiyanın yarımadadan Ukraynaya qarşı hərbi baza kimi istifadəsini məhdudlaşdıracaq.