Dünyanın sonu, "ölü internet" və yastı Yer: Hələ də inananların olduğu məşhur sui-qəsd nəzəriyyələri - "Daily Mail"
05 Jul 2026, 18:48 53 baxış 3 dəq oxuma
Bir çoxunun elmi əsasları olmasa da, bu sui-qəsd nəzəriyyələri milyonlarla insan arasında populyarlığını qoruyur
Sui-qəsd nəzəriyyələri illərdir milyonlarla insanın diqqətini cəlb edir. Sosial şəbəkələrin alqoritmləri emosional və sensasiyalı məzmunu ön plana çıxardığından, bu cür iddialar indi daha sürətlə yayılır. Çox vaxt isə onları dəstəkləyənlərin məntiqi sübutlara ehtiyacı olmur.
Moderator.az xəbər verir ki, bu barədə "dailymail.com" nəşri yazıb.
2026-cı ildə Yer cazibəsini itirəcək?
Sosial şəbəkələrdə yayılan iddialardan birinə görə, guya 12 avqust 2026-cı ildə Yer 7 saniyə ərzində cazibə qüvvəsini itirəcək və NASA bunu insanlardan gizlədir. Hətta "Layihə Anker" adlı məxfi sənəddən də bəhs edilir. Lakin belə bir sənədin mövcudluğunu təsdiqləyən heç bir dəlil yoxdur. Mütəxəssislər bildirir ki, fizikanın elementar qanunlarını bilmək belə bu cür iddiaların əsassız olduğunu anlamağa kifayət edir.
"Ölü internet" və yastı Yer nəzəriyyəsi
"Ölü internet" nəzəriyyəsinə görə, internetdəki məzmunun böyük hissəsini artıq insanlar deyil, süni intellekt və botlar yaradır. Bu iddianın tərəfdarları hesab edir ki, sosial şəbəkələrdəki paylaşımların əsas məqsədi reklam gəlirlərini artırmaqdır. Digər məşhur nəzəriyyə isə Yerin yastı olması ilə bağlıdır. Halbuki alimlər hələ 2200 ildən çox əvvəl Yerin kürə formasında olduğunu hesablayıb və bu gün bunu təsdiqləyən saysız-hesabsız elmi sübut mövcuddur.
Pol Makkartni, Bermud üçbucağı və "İllüminatlar"
Sui-qəsd nəzəriyyələrinin ən məşhurlarından biri də "The Beatles" qrupunun üzvü Pol Makkartni ilə bağlıdır. İddiaya görə, o, 1966-cı ildə avtomobil qəzasında həlak olub və sonradan oxşarı ilə əvəz edilib. Lakin bunu təsdiqləyən heç bir fakt yoxdur. Eyni zamanda, Bermud üçbucağı haqqında sirli yoxaçıxmaların əksəriyyətinin sonradan hava şəraiti, texniki nasazlıq və ya ekipaj səhvləri ilə izah edildiyi bildirilir.
Məqalədə qeyd olunur ki, "İllüminatlar" haqqında məşhur mif də əslində 1960-cı illərdə satirik məqsədlə yazılmış əsərlərdən sonra geniş yayılıb. Buna baxmayaraq, bu gün də milyonlarla insan müxtəlif sui-qəsd nəzəriyyələrinə inanmağa davam edir.