"Rusiya 2027-ci ilə qədər real sülh danışıqlarına başlamaq niyyətində deyil" - "Financial Times"
06 Jul 2026, 13:55 29 baxış 2 dəq oxuma
Moskva Ukraynanın ciddi güzəştlərə məcbur ediləcəyinə ümid edir və hələlik mövqeyini dəyişmək niyyətində deyil
Rusiyanın Ukraynaya qarşı müharibəsində yaxın vaxtlarda real sülh danışıqlarının başlanacağı gözlənilmir.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr yazır ki, Moskva ən azı 2027-ci ilə qədər ciddi danışıqlara hazır görünmür və ABŞ-nin Kiyevi böyük güzəştlərə məcbur edəcəyinə ümid edir. Nəşrin yazdığına görə, Ukrayna son aylarda Rusiyanın enerji infrastrukturuna hücumları əhəmiyyətli dərəcədə artırıb.
Polşanın "Rochan Consulting" analitik qrupunun məlumatına əsasən, təkcə may ayında Rusiya neft emalı zavodlarına 16 uğurlu zərbə endirilib. 2026-cı ilin əvvəlindən isə bu cür hücumların sayı 194-ə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur.
Qəzetin həmsöhbəti olan ukraynalı rəsmilər bildiriblər ki, Rusiya nümayəndələri amerikalılara müharibənin dayandırılması üçün Ukraynanın radikal güzəştlərə getməli olduğunu çatdırıblar. Mənbələrin fikrincə, Moskva yaxın aylarda konstruktiv danışıqlara qoşulmaq niyyətində deyil.
Nəşr qeyd edir ki, Ukraynanın uzaqmənzilli pilotsuz aparatlarla həyata keçirdiyi hücumlar Rusiyanın enerji, logistika və sənaye infrastrukturuna ciddi zərbə vurur. Ekspertlər hesab edir ki, Kiyev dron istehsalını və onların idarəetmə imkanlarını xeyli təkmilləşdirərək bu sahədə texnoloji üstünlük əldə edib.
Məqalədə vurğulanır ki, Ukraynanın hücumları müharibəni ilk dəfə geniş şəkildə Rusiya ərazisinə daşıyıb və Kremlin ölkədə "normal həyatın davam etməsi" ilə bağlı yaratdığı təsəvvürü sarsıdıb. Bununla yanaşı, Rusiya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün əlavə resurslar ayırmağa məcbur qalıb.