Zelenski və Sibiqa Rusiyanın növbəti kütləvi raket hücumundan sonra "Patriot" sistemləri üçün raketlərin artırılmasına çağırıb




 
İyulun 6-na keçən gecə Rusiya Ukraynaya qarşı növbəti kütləvi raket və pilotsuz aparat hücumu həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Rusiyanın növbəti hücumu

Məlumatda deyilir ki, ən ağır zərbələr Kiyev və Kiyev vilayətinə dəyib. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, paytaxtda 11 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb. Kiyev vilayətində isə daha üç nəfər ölüb, 16 nəfər xəsarət alıb. Xilasetmə və dağıntıların aradan qaldırılması işləri davam edir. İyulun 7-i Kiyevdə həlak olanların xatirəsinə matəm günu elan edilib.
 
"Patriot" raketləri çatışmır
 
Zelenski bildirib ki, Ukrayna hərbçiləri pilotsuz uçuş aparatlarını və qanadlı raketlərin əksəriyyətini zərərsizləşdirsələr də, ballistik raketlərin qarşısını almaqda çətinlik çəkirlər. Onun sözlərinə görə, bunun əsas səbəbi tərəfdaş ölkələrin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün kifayət qədər raket verməməsidir.
 
Prezident ABŞ və Avropa ölkələrini NATO sammitində Ukraynanın hava müdafiəsini gücləndirəcək konkret qərarlar qəbul etməyə çağıraraq vurğulayıb ki, müttəfiqlərin anbarlarında qalan raketlər Rusiyanı yeni hücumlara həvəsləndirir.
 
Sibiqadan NATO-ya çağırış

Ukrayna xarici işlər naziri Andrey Sibiqa da oxşar bəyanatla çıxış edib. O bildirib ki, Ukrayna hazırda dünyada hər gün ballistik raket hücumlarına məruz qalan yeganə ölkədir və buna görə də "Patriot" sistemləri üçün PAC-3 raketlərinin təcili şəkildə Kiyevə göndərilməsi vacibdir. Nazir vurğulayıb ki, hava hücumundan müdafiə ilə bağlı qərarlar gecikməməlidir, çünki Ukraynada vaxt insan həyatı ilə ölçülür.