Moskva hər yeni kilometr üçün ağır itkilər verir və bu, müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün imkan yarada bilər.




 
Moderator.az xəbər verir ki, bu barədə "uatv.ua" nəşri yazıb.
 
ABŞ vitse-prezidenti Cey Di Vens "The Sunday Times" qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın Ukraynada davam edən hücum əməliyyatlarından əldə edə biləcəyi gələcək uğurlar artıq "demək olar ki, sıfıra yaxındır". Onun fikrincə, bu vəziyyət sülh danışıqları üçün daha əlverişli şərait yarada bilər.
 
Vens deyib ki, Ukraynanın müdafiə mövqeyini gücləndirməsi hücum əməliyyatlarından daha effektiv nəticə verib. O, 2023-cü ildə həyata keçirilən Ukrayna əks-hücumunu "strateji və taktiki fəlakət" adlandıraraq bildirib ki, müdafiə olunan tərəfin üstünlük qazanması daha asandır.
 
ABŞ rəsmisinin sözlərinə görə, Rusiya hər yeni ələ keçirdiyi kilometr üçün çox yüksək itkilər verir və bu səbəbdən hücumların əvvəlki effektini qoruyub saxlaya bilmir. O əlavə edib ki, ABŞ və NATO-nun Ukraynanı müdafiəyə üstünlük verməyə təşviq etməsi öz nəticəsini göstərib.
 
Bu arada, Ukrayna Baş Qərargahı Rusiyanın Konstantinovkanı tam nəzarətə götürdüyü barədə iddiaları təkzib edib. Eyni zamanda, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesablamalarına görə, Rusiya ordusunun Ukraynadakı irəliləmə tempi son bir ildə təxminən 16 dəfə azalıb.