Son iki əsr yarımda Vaşinqtonun xarici siyasətində həm məqsədlər, həm də istifadə olunan vasitələr əhəmiyyətli dərəcədə dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
250 illik xarici siyasət
ABŞ 1776-cı il iyulun 4-də müstəqilliyini elan etdikdən sonra xarici siyasətini demokratiya, insan hüquqları və əsas azadlıqların müdafiəsi prinsipləri üzərində qurduğunu bəyan edib. Nəşr yazır ki, son 250 ildə Vaşinqtonun beynəlxalq siyasətində ciddi dəyişikliklər baş verib. Sorğular göstərir ki, amerikalıların əhəmiyyətli hissəsi hesab edir ki, ABŞ əvvəlki illərlə müqayisədə digər ölkələr üçün demokratiya nümunəsi rolunu zəiflədib.
Hərbi güc və diplomatiya arasında balans
Məqalədə qeyd olunur ki, tədqiqatçıların hesablamalarına görə, ABŞ son 250 ildə 500-dən çox hərbi müdaxilə həyata keçirib. Xüsusilə 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Vaşinqtonun xarici siyasətində hərbi vasitələrin rolu daha da artıb və Yaxın Şərq, Şimali Afrika kimi regionlara diqqət güclənib. Bununla yanaşı, ABŞ uzun illər iqtisadi maraqlarını təşviq etmək üçün diplomatik fəaliyyətə və ticarət sazişlərinə də üstünlük verib. Son onilliklərdə isə Vaşinqton daha çox ikitərəfli razılaşmalara üstünlük verməyə başlayıb.
ABŞ-ın beynəlxalq nüfuzu
"Deutsche Welle" bildirir ki, son illərdə ABŞ-ın beynəlxalq imicində də dəyişikliklər müşahidə olunur. ABŞ daxilində keçirilən sorğuların nəticələrinə görə, vətəndaşların əksəriyyəti ölkə rəhbərliyinin xarici siyasət qərarlarını tam dəstəkləmir. Beynəlxalq araşdırmalar da Vaşinqtona münasibətin bir sıra ölkələrdə əvvəlki illərlə müqayisədə zəiflədiyini göstərir. Ekspertlərin fikrincə, diplomatiyaya ayrılan diqqətin azalması və hərbi gücə daha çox üstünlük verilməsi həm ABŞ-ın qlobal nüfuzuna, həm də beynəlxalq təhlükəsizlik mühitinə təsir göstərən əsas amillərdən biri olub.