Paris illərlə davam edən etirazlarını geri çəkib, lakin tərəflər arasında danışıqlar hələ ilkin mərhələdədir
Fransa Türkiyəyə İtaliya ilə birgə hazırladığı SAMP/T hava hücumundan müdafiə sisteminin satışı ilə bağlı mövqeyini yumşaldıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Makronun mövqeyi dəyişib
Məlumata görə, Fransa uzun illər bu satışa qarşı çıxsa da, iyunun 25-də Fransa prezidenti Emmanuel Makronla İtaliyanın baş naziri Corca Meloni arasında keçirilən görüşdən sonra Parisin mövqeyində dəyişiklik baş verib.
Mənbələrin sözlərinə görə, əvvəllər Fransa bu məsələdə kifayət qədər qapalı mövqe nümayiş etdirib. Lakin indi Türkiyə ilə danışıqlara daha açıq və müsbət yanaşdığı bildirilir. Bununla belə, yekun razılaşmanın əldə olunduğunu demək hələ tezdir.
Danışıqlar ilkin mərhələdədir
Mənbələr bildirib ki, tərəflər arasında danışıqlar davam etsə də, mümkün satışla bağlı hələ yekun qərar verilməyib. SAMP/T Fransa və İtaliyanın birgə hazırladığı, NATO ölkələrinin istifadə etdiyi ən müasir hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur.
Sistem uzaq məsafədən hava hədəflərini və ballistik raketləri izləmək, eyni vaxtda bir neçə hədəfi vurmaq imkanına malikdir.
Türkiyə müdafiə imkanlarını artırmaq istəyir
Türkiyə uzun müddətdir hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün SAMP/T sisteminin alınması ilə bağlı danışıqlar aparır. Mümkün razılaşmanın baş tutacağı təqdirdə bu, Ankaranın hava və raketdən müdafiə potensialının əhəmiyyətli dərəcədə güclənməsinə töhfə verə bilər.