İndi fəxrlə başımızı dik tutub gəzə bilərik. Şimali Koreyanın, Çinin o nizam-intizamlı təhsilinə həsəd aparırdıq, şükür, o zirvəyə biz də çatdıq...”
 




“İndi bizim müəllimlər də Kim Çen Inın ordusu kimi vahid uniformada dərslərə marşla girəcəklər...”
 
“Təhsilin içini, məzmununu boş qoyub, çölünə bəzək vurmaqla kimi aldadırıq?..”
 
“Müəllimi on illərlə cəmiyyətin gözündən salıb, aztəminatlı, valideynin və şagirdin qarşısında əyilən bir fiqura çevirəndən sonra, ona vahid forma geyindirməklə nüfuz qazandırmaq istəyirlər...”
 
“Öncə o müəllimin maaşını dünya standartına çatdırın, cibinə pul qoyun, sonra parçasından danışın. Müəllimi formaca yox, məzmunca, mahiyyətcə və cibcə nüfuza mindirmək lazımdır...”
 
“Müəllim məktəbə qanun daxilində "formalı" gələcək, rəsmi olaraq dərsi "formal" yola verəcək. İbtidai sinifdə uşağa bir az əlifba öyrədəndən sonra, yuxarı siniflərdə hamı kütləvi şəkildə məktəbdən qaçıb repetitorların yanına tökülüşəcək...”
*** *** ***
...Müjdə, cəmaət, gözünüz aydın! Milli(!) Məclisimiz müəllimlərimizin dərdinə birdəfəlik əlac tapdı. Bundan sonra dövlət məktəblərində çalışan pedaqoqlarımızın hansı rəngdə kostyum, necə biçimdə tuman, yubka, şalvar geyinəcəyinə yuxarılar qərar verəcək. Necə deyərlər, “var idi hər yarağımız, çatmır saqqal darağımız”. Bizim də təhsildə bircə problemimiz müəllimin şalvarının ütüsü, koftasının yaxalığı idi, onu da qanunla həll elədik. İndi fəxrlə başımızı dik tutub gəzə bilərik. Şimali Koreyanın, Çinin o nizam-intizamlı təhsilinə həsəd aparırdıq, şükür, o zirvəyə biz də çatdıq. İndi bizim müəllimlər də Kim Çen Inın ordusu kimi vahid uniformada dərslərə marşla girəcəklər... 
 
Düzdür, bəzi bədxahlar Sinqapuru, Böyük Britaniyanı misal gətirirlər ki, oralarda da müəyyən standartlar var. Ay qafil, o Sinqapurun “PISA” reytinqindəki savadı ilə bizim "bənzərsiz", “analoqsuz” təhsilimiz müqayisə oluna bilərmi? Onlar hələ formanın mahiyyətini bizim menecerlər qədər dərk etməyiblər! 33 ildir ölkədə vahid bir təhsil strategiyası yoxdur, amma sağ olsunlar, artıq vahid geyimimiz var. Bizim dahi təhsil menecerləri indi bu "şalvar-pencək", “kofta-yubka” əməliyyatını əsrin ən böyük islahatı kimi qələmə verəcəklər. Elə biləcəklər ki, müəllimə eyni rəngdə parça geyindirməklə təhsilimiz birbaşa kosmosa uçacaq. Lətifəsi müəllimlərimizdən iraq, atalar əbəs yerə deməyib: 
 
“Eşşəyə atlas palan toxusan da, yenə eşşəkdir...” 
 
Təhsilin içini, məzmununu boş qoyub, çölünə bəzək vurmaqla kimi aldadırıq?..
 
Böyük pedaqoq Yan Amos Komenski deyirdi ki, “Müəllim elə bir fənərdir ki, özü yana-yana başqalarına işıq saçır”. İndi bizim təhsil rəhbərləri o fənərin işığına yox, lampasının şüşəsinin rənginə baxırlar. Müəllimi on illərlə cəmiyyətin gözündən salıb, aztəminatlı, valideynin və şagirdin qarşısında əyilən bir fiqura çevirəndən sonra, ona vahid forma geyindirməklə nüfuz qazandırmaq istəyirlər. Ölüyə sinisiz halva nə bəla, diriyə sümüksüz ət! Öncə o müəllimin maaşını dünya standartına çatdırın, cibinə pul qoyun, sonra parçasından danışın. Müəllimi formaca yox, məzmunca, mahiyyətcə və cibcə nüfuza mindirmək lazımdır. Bax, buradaca "formalı müəllim" və "formal müəllim" məsələsi ortaya çıxır. Yeni qanunla məktəblərimizdə par-par parıldayan formalı müəllimlər ordusu yaranacaq. Amma içəri girsən, görəcəksən ki, hamısı elə köhnə formal müəllimlərdir. Yəni dərsi quru, şablon, sənəd xatirinə, proqram dolsun deyə keçənlər. Pedaqogikanın atası Pestalotsi şagirdin qəlbinə toxunmağı tələb edirdi, bizim "formalılar" isə yalnız jurnala qol çəkməyə tələsir. Nəticədə nə olacaq?.. 
 
Müəllim məktəbə qanun daxilində "formalı" gələcək, rəsmi olaraq dərsi "formal" yola verəcək. İbtidai sinifdə uşağa bir az əlifba öyrədəndən sonra, yuxarı siniflərdə hamı kütləvi şəkildə məktəbdən qaçıb repetitorların yanına tökülüşəcək. Ali məktəblərə qəbulu yenə repetitorlar təmin edəcəksə, iclaslarda canfəşanlıqla təriflənən o rəsmi formanın tədrisə nə xeyri? Yenə nazir Emin Əmrullayev hesabat verəcək ki, bu tədris ilində repetitorların yox,  vahid formalı formal müəllimlərin hesabına ali məktəblərə filan sayda şagirdimiz daxil olub. Eşq olsun!..
 
...Gözümüz aydın, artıq təhsilimizin bütün dərdlərinin universal şifrəsi sındırıldı! Rəhmətlik Arximed demiş, evrika! Sən demə, keyfiyyətli təhsil üçün yeni kurikulumlara, müasir laboratoriyalara, müəllimin tox qarnına ehtiyac yoxmuş. Bütün bu elmi tapmacanın cavabı dərzi sexlərində gizlənibmiş! Parçanı kəsdik, formanı tikdik, məsələ bitdi!..
 
Milli elmi təfəkkürümüzün növbəti möhtəşəm qələbəsi! Təhsilimizin dibə vuran gəmisini xilas edəcək o sehrli çubuğu – vahid formanı kəşf etdik. İndi Nobel mükafatı alanlar bizə həsəd aparsın, çünki bizim artıq eyni rəngdə ütülü müəllimlərimiz var!..
 
“Ayranı yoxdur içməyə, atla gedir s...məyə” misalı, daxili bərbad olan təhsilin xaricini bəzəmək sadəcə növbəti gözboyamadır. Əziz menecerlər, müəllimin əynindəki kostyumun rəngi yox, beynindəki biliyin səviyyəsi və cəmiyyətdəki hörməti, nüfuzu təhsili xilas edə bilər. Formaya xərclədiyiniz enerjini mahiyyətə xərcləyin ki, məktəblərimiz vitrin yox, elm ocağı olsun!..
 
Sultan Laçın