Milli Məclisin bugünkü plenar iclasında "Nəqliyyat haqqında" qanuna nəzərdə tutulan dəyişikliklər deputatların müzakirəsinə təqdim olunub.
 




Moderator.az xəbər verir ki, qanun layihəsinə əsasən, avtonom nəqliyyat vasitələrinin istismarına yalnız ölkə qanunvericiliyinin, digər normativ hüquqi aktların və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin tələblərinə cavab verdikdən, həmçinin dövlət qeydiyyatından keçdikdən sonra icazə veriləcək.
Avtomatlaşdırılmış idarəetmə sisteminin etibarlılığı və funksionallığı səlahiyyətli qurumun müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi tənzimləyici sınaq mühitində qiymətləndiriləcək.
 
Sınaqlar zamanı avtomatlaşdırılmış idarəetmə sistemi tələb olunan nəticəni göstərmədiyi halda həmin avtonom nəqliyyat vasitəsinin istifadəsinə icazə verilməyəcək.
Belə nəqliyyat vasitələrinin hərəkəti yalnız səlahiyyətli dövlət orqanlarının müəyyənləşdirdiyi və razılaşdırdığı ərazilərdə, eləcə də avtomobil yollarında, dəmir yollarında, metro və tramvay xətlərində, həmçinin hava məkanında mümkün olacaq.
 
Avtonom nəqliyyat vasitəsinin fəaliyyəti nəticəsində dəyən zərərə görə əsas məsuliyyət onun sahibi və ya nəqliyyat vasitəsini istismar edən şəxsin üzərinə düşəcək.
 
Əgər zərərin nəqliyyat vasitəsinin və ya onun idarəetmə sisteminin istehsalçısının, texniki xidmət göstərən şəxsin, yaxud mülki müqavilə əsasında cəlb olunmuş operatorun təqsiri nəticəsində baş verdiyi müəyyənləşərsə, sahib və ya istismarçı Mülki Məcəlləyə uyğun olaraq həmin şəxslərə qarşı reqres tələbi irəli sürmək hüququ əldə edəcək.
 
Zərərin əmək münasibətlərində olan operatorun günahı ucbatından baş verməsi təsdiqlənərsə, məsuliyyət və ödəniş məsələləri Əmək Məcəlləsinin müddəalarına əsasən həll ediləcək.
 
Avtonom nəqliyyat vasitəsinin, həmçinin onun vasitəsilə həyata keçirilən sərnişin və yük daşımalarının sığortalanması qanunvericiliyin tələblərinə uyğun şəkildə nəqliyyat vasitəsinin sahibi və ya istismarçısı tərəfindən təmin olunmalıdır.
 
Bundan başqa, sahib və ya istismarçı nəqliyyat vasitəsinin istehsalçının müəyyən etdiyi texniki və proqram təminatı standartlarına uyğun saxlanılmasına, avtonom idarəetməyə yalnız müvafiq sertifikata malik operatorun cəlb edilməsinə, həmçinin istismar qaydaları və nasazlıq və fövqəladə hallarda müdaxilə prosedurlarının istehsalçıdan əldə olunmasına cavabdeh olacaq.
 
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.
 
Pərvin Şakirqızı