Milli Məclisdən mopedlərlə bağlı mühüm qərar: Yeni qaydalar üçüncü oxunuşda qəbul edildi
10 Jul 2026, 11:53 31 baxış 3 dəq oxuma
Mopedlərin qeydiyyatı, sığortası və dövlət rüsumları ilə bağlı hüquqi baza genişləndirilir.
Moderator.az xəbər verir ki, Milli Məclis bununla bağlı bir neçə qanuna edilən dəyişiklikləri növbədənkənar sessiyanın bugünkü iclasında üçüncü oxunuşda qəbul edib.
Qəbul edilən dəyişikliklər "Yol hərəkəti haqqında" qanuna 9 dekabr 2025-ci ildə edilmiş əlavələrin icrasından irəli gəlir və "Avtomobil yolları haqqında", "Dövlət rüsumu haqqında" və "İcbari sığortalar haqqında" qanunların yeni tələblərə uyğunlaşdırılmasını nəzərdə tutur.
Yeni qaydaların əsas məqsədi yol hərəkətinin təhlükəsizliyini artırmaq və mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bunun üçün mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınması, onlara dövlət qeydiyyat nişanının verilməsi və yalnız sürücülük vəsiqəsi ilə idarə olunması məcburi olacaq. Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücülərinə aid edilən bir sıra öhdəliklər moped istifadəçilərinə də tətbiq ediləcək.
Yeni tələblərə əsasən, moped sürücüsü "A1" kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanını təqdim etməlidir.
Qanunvericilikdəki uyğunlaşdırma nəticəsində mopedlərin texniki baxışı, dövlət qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, imtahanların təşkili, eləcə də dövlət qeydiyyat nişanlarının təqdim olunmasına görə dövlət rüsumları mövcud məbləğlər əsasında müəyyən ediləcək. Bundan başqa, dövlət qeydiyyatından keçmiş mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası da məcburi olacaq.
Qanuna əsasən, moped dedikdə kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki ilə işləyən və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərrikə malik, maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi başa düşülür.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclis tərəfindən üçüncü oxunuşda təsdiqlənib.