Ukrayna dronlarının Sibirə zərbələri Kreml üçün dönüş nöqtəsi ola bilər - "The Wall Street Journal"
10 Jul 2026, 15:03 30 baxış 3 dəq oxuma
Ukraynanın Rusiyanın Omsk şəhərində yerləşən ən böyük neft emalı zavoduna endirdiyi zərbə Kremlin zəif nöqtəsini üzə çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
Nəşrin fikrincə, bu hücum Ukrayna dronlarının fəaliyyət radiusunun xeyli artdığını göstərir və Rusiyanı indi daha geniş ərazini hava hücumundan müdafiə etməyə məcbur edir.
Qeyd olunur ki, Omsk Ukraynanın nəzarət etdiyi ərazilərdən təxminən 2400 kilometr məsafədə yerləşir. İstifadə olunan Ukrayna dronlarının uçuş məsafəsinin isə 3400 kilometrə çatdığı bildirilir. Bu isə Qərbi Sibirdəki neft-qaz infrastrukturu və yüzlərlə strateji obyektin də potensial hədəfə çevrildiyini göstərir.
Nəşr vurğulayır ki, Rusiyanın Avropa hissəsindəki əsas neft emalı zavodlarının demək olar hamısı bu il hücuma məruz qalıb. Nəticədə benzin istehsalı azalıb, ölkədə yanacaq qıtlığı yaranıb və Moskva dizel ixracına məhdudiyyət tətbiq edib. Oksford Enerji Araşdırmaları İnstitutunun eksperti Ceyms Henderson hesab edir ki, Omska zərbə Rusiya enerji sistemi üçün həlledici mərhələnin başlanğıcı ola bilər.
Məqalədə bildirilir ki, Rusiyanın məhdud sayda hava hücumundan müdafiə sistemi artıq həm cəbhəni, həm də ölkənin dərinliklərini qorumağa kifayət etmir. Bu səbəbdən Ukraynanın zərbə endirə biləcəyi hədəflərin sayı getdikcə artır.
Ekspertlər neft emalı zavodlarını Rusiyanın ən həssas nöqtələrindən biri hesab edirlər. Onların fikrincə, yanacaq çatışmazlığı ordunun təminatına, yük daşımalarına və kənd təsərrüfatına ciddi təsir göstərə bilər. Qərb və Ukrayna rəsmiləri isə hesab edirlər ki, artan iqtisadi və hərbi təzyiq sonda Vladimir Putini müharibəni dayandırmağa məcbur edə bilər.
Bundan əlavə, "Financial Times"ın məlumatına görə, Rusiyada yanacaq böhranı artıq təxminən 50 milyon nəfərə təsir edir. Analitiklər ölkənin neft emalı güclərinin 20-40 faizinin sıradan çıxdığını, Rusiyanın isə yanacaq çatışmazlığını kompensasiya etmək üçün Belarusdan rekord həcmdə benzin idxal etdiyini bildirirlər.