Çin və Rusiya arasında hərbi-texniki əməkdaşlıq indiyədək açıqlanandan daha geniş olub. Pekin yeni silah və texnologiyalarını Ukrayna müharibəsində sınaqdan keçirmək üçün Moskvaya təqdim edib, əvəzində isə döyüş təcrübəsi və sınaq nəticələrini əldə edib.


Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.






Yeni silahların gizli sınaqları


"Der Spiegel", "The Insider" və "Le Monde" nəşrlərinin araşdırmasına əsasən, 2023-cü ildə Çin Rusiyaya kamikadze pilotsuz aparatları, hava və raketdən müdafiə sistemləri, eləcə də süni intellekt sahəsində hazırladığı yeni texnologiyaları təqdim edib. Plan ondan ibarət olub ki, Rusiya bu sistemləri Ukraynada döyüş şəraitində sınaqdan keçirsin və nəticələri Pekinə ötürsün. Məlumata görə, tərəflər həmçinin kosmik silahlar, peyklərə qarşı texnologiyalar, yeni nəsil zirehli texnika və hərbi aviasiya sahəsində də əməkdaşlığı müzakirə ediblər.


Süni intellekt, "Starlink" və dronlar


Araşdırmada bildirilir ki, Çin Rusiyanı "Starlink" peyk sisteminə qarşı proqramlara da cəlb edib. Bundan başqa, Moskvanın döyüş təcrübəsi müqabilində Pekin süni intellekt texnologiyaları və kütləvi istehsal imkanları təqdim etməyə razılaşıb. Məqsəd yeni nəsil avtonom "sürü" tipli pilotsuz aparatların hazırlanması olub. Jurnalistlərin iddiasına görə, hazırda Ukraynada istifadə edilən bəzi Rusiya dronlarının, o cümlədən V2U modelinin bir sıra komponentləri və süni intellekt modulları Çin istehsalıdır.


Əməkdaşlıq genişlənir


Sənədlərdə Çin və Rusiyanın yeni nəsil hava və raketdən müdafiə sistemlərinin yaradılması, texnologiya mübadiləsi və birgə hərbi layihələr üzərində işlədiyi də qeyd olunur. Bildirilir ki, 2024-cü ilin dekabrında Yekaterinburqda keçirilən qapalı görüşdə iki ölkənin müdafiə qurumları və hərbi-sənaye kompleksinin onlarla yüksəkvəzifəli nümayəndəsi gələcək əməkdaşlıq planlarını müzakirə edib.


Araşdırma müəlliflərinin qənaətinə görə, əldə olunan sənədlər Moskva ilə Pekin arasında əməkdaşlığın artıq adi hərbi tərəfdaşlıq çərçivəsini aşdığını və uzunmüddətli strateji xarakter aldığını göstərir.