Xəbər verdiyimiz kimi, 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək. Forumda 54 ölkədən 160-a yaxın media nümayəndəsi və ekspertin, 30-a yaxın beynəlxalq informasiya agentliyinin və 60-dan çox aparıcı media qurumunun təmsil olunacağı gözlənilir.
Forumda müzakirə ediləcək əsas məsələlər sırasında medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika və s. kimi mövzular yer alacaq.
Artıq indidən əminliklə demək olar ki, Şuşada keçiriləcək bu tədbir mediamızın tarixinə qızıl hərflərlə yazılacaq. Bunun ən başlıca səbəbi bu cür mötəbər tədbirin cəmi 6 il bundan öncə erməni işğalından azad edilən, ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də xalqımız üçün ruhi-mənəvi baxımdan böyük önəm kəsb edən Şuşa kimi tarixi bir şəhərdə keçirilməsidir. Bu, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hərb meydanında qazandığı qələbənin media müstəvisində davamı, xalqımızın növbəti mənəvi zəfəridir.
Şuşa Forumunu önəmli edən digər bir məqam tədbirdə müzakirə ediləcək məsələlərin yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün olduqca aktual olması ilə bağlıdır. Heç kimə sirr deyil ki, çağdaş dünyamızda media və sosial media platformaları bəzi hallarda nifrət nitqlərinin, təhlükəli fikirlərin, müharibə qızışdırıclarının yer aldığı müstəviyə çevrilir. Bu isə qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır. Bu səbəbdən də Şuşa Forumunda medianın sülh quruculuğundakı roluna xüsusi diqqətin yetirilməsi, sərhədlərarası media dialoqunun əhəmiyyətinin müzakirəsi həyati önəmə malikdir. Bütün bu müzakirələrdə məqsəd qlobal medianın sülhün əsas təbliğatçısına çevirmək, sözügedən platformadan qrup maraqlarının deyil, ümumbəşəri maraqların təbliği vasitəsi kimi istifadə etməkdir. 4-cü Şuşa Qlobal Media Forumuna 54 ölkədən çoxsaylı nümayəndələrin qatılacağı faktı da Forumda müzakirə ediləcək problemlərin aktuallığından, eləcə də beynəlxalq ictimaiyyətin bu məsələlərə olan marağından xəbər verir.
Əminliklə demək olar ki, ölkəmzidə keçirilən bütün tədbirlər kimi 4-cü Şuşa Qlobal Media Forumu da beynəlxalq miqyasda ciddi əks-səda doğuracaq, qlobal sülh və təhlükəsizliyə böyük töhfə verəcək.
Seymur ƏLİYEV