Dünyanın 140-dan çox ölkəsində aparılan sorğunun nəticələrinə əsasən, insanların özlərini ən xoşbəxt və rahat hiss etdikləri ölkələrin yeni reytinqi dərc olunub. 


Moderator.az xəbər verir ki, bu barədə "unilad.com" nəşri yazıb. Məlumatı "nv.ua" nəşri yayıb.






Araşdırma "Gallup World Poll" sorğusunun məlumatları əsasında hazırlanıb və göstərib ki, Şimali Avropa ölkələri yenə də siyahıda üstünlük təşkil edir. Araşdırmanın həmmüəllifi Con Helliuell bildirib ki, xoşbəxt cəmiyyət qurmaq üçün təkcə problemləri aradan qaldırmaq kifayət deyil. Onun sözlərinə görə, insanların həyat keyfiyyətini yüksəldən amillərin inkişafına da xüsusi diqqət yetirilməlidir.


Ən xoşbəxt ölkələr hansılardır?


Reytinqdə birinci yeri yenidən Finlandiya tutub. Mütəxəssislər hesab edir ki, bu ölkədə vətəndaşların rifahı dövlət siyasətinin əsas prioritetlərindən biridir. İkinci yerdə İslandiya, üçüncü yerdə Danimarka qərarlaşıb. İlk beşliyə Şimali Avropa regionundan olmayan yeganə ölkə Kosta-Rika daxil olub və dördüncü pilləyə yüksəlib. Beşinci yeri isə İsveç tutub.


Reytinq necə hazırlanıb?


Qiymətləndirmə zamanı insanların həyatlarından nə dərəcədə razı olduqları ilə yanaşı, bir sıra mühüm göstəricilər də nəzərə alınıb. Bunlara sağlam ömür uzunluğu, sosial dəstək, şəxsi azadlıq, insanların bir-birinə kömək etməyə hazır olması, korrupsiya səviyyəsi və ümumi həyat keyfiyyəti daxildir.


Dünyanın ən xoşbəxt 10 ölkəsi sırasında Finlandiya, İslandiya, Danimarka, Kosta-Rika, İsveç, Norveç, Niderland, İsrail, Lüksemburq və İsveçrə yer alıb. Sonrakı yerlərdə Yeni Zelandiya, Meksika, İrlandiya, Belçika, Avstraliya, Kosovo, Almaniya, Sloveniya, Avstriya, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Polşa və Kanada qərarlaşıb.