Nigeriya ordusu silahlı qruplaşma tərəfindən təxminən iki ay əvvəl qaçırılan 46 məktəbli uşağı uğurlu əməliyyat nəticəsində xilas edib.
Moderator.az DW.com-a istinadla xəbər verir ki,oğurlamalar təxminən iki ay əvvəl cənub-qərbi Oyo ştatının Orire şəhərindəki üç məktəbdə baş verib. Esiele və Yawota kənd icmalarındakı məktəblərə hücum ölkədə geniş rezonans doğurmuş, etirazlara və müəllimlərin bir aylıq tətilinə səbəb olmuşdu.
Prezident Bola Tinubu bildirib ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı qaçırılan şagird və müəllimlər azad edilib, bir neçə terrorçu zərərsizləşdirilib, səkkiz nəfər isə həbs olunub.
Xatırladaq ki, Nigeriyada ən səs-küylü kütləvi insan oğurluğu 2014-cü ildə "Boko Haram" qruplaşmasının Çibok şəhərindəki internat məktəbindən 276 məktəbli qızı qaçırması olub. Həmin qızlardan təxminən 90-nın taleyi bu günə qədər naməlum olaraq qalır.