Zelenski orduda yeni komandanlıq yaratdı: "Rusiya üçün qlobal təsir" hədəfi" - Ukrayna KİV-ləri
11 Jul 2026, 13:02 33 baxış 2 dəq oxuma
Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin tərkibində Rusiyanın dərinliklərinə zərbələri koordinasiya edəcək yeni Uzaqmənzilli Əməliyyatlar Komandanlığının yaradılması haqqında fərman imzalayıb.
Moderator.az xəbər verir ki, bu barədə "dialog.ua" nəşri məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, yeni strukturun əsas məqsədi Rusiyanın hərbi potensialını daha da zəiflətməkdir. Zelenski bildirib ki, bu komandanlıq ölkənin mövcud imkanlarını bir mərkəzdə cəmləşdirəcək və "müharibə zamanı Rusiyaya qlobal təsir" göstərməyə yönələcək. Yeni komandanın rəhbərinin adı hələ açıqlanmayıb.
Prezident eyni zamanda Birləşmiş Çevik Reaksiya Qüvvələrinin yaradıldığını da elan edib. Bu quruma Ukrayna Qəhrəmanı, briqada generalı Dmitri Voloşin rəhbərlik edəcək.
Zelenskinin sözlərinə görə, yeni qüvvələr hücum bölmələrini, pilotsuz sistemləri, artilleriyanı və digər müasir döyüş vasitələrini birləşdirərək cəbhədə daha operativ fəaliyyət göstərəcək.
Prezident çıxışında müharibənin dayandırılması məsələsinə də toxunaraq bildirib ki, sülh ideyası təkcə Ukraynanın tərəfdaşları deyil, hətta Vladimir Putinin ətrafındakı bəzi şəxslər tərəfindən də dəstəklənir. Onun sözlərinə görə, Rusiyada getdikcə daha çox insan müharibənin uzanmasının çıxış yolu olmadığını anlayır və sülhün alternativsiz olduğunu qəbul edir.