Rusiya iyulun 11-nə keçən gecə Ukraynaya ballistik və qanadlı raketlər, həmçinin yüzdən çox pilotsuz uçuş aparatı ilə növbəti kütləvi hava hücumu həyata keçirib. Zərbələrin əsas hədəflərindən biri Kiyev olub.




 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri məlumat yayıb.
 
Kiyevə zərbə: ballistik raketlər vurulmadı
 
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Bryansk vilayətindən altı "İsgəndər-M"/S-400 ballistik raketi, idarəolunan aviasiya raketləri və ümumilikdə 120-dən çox zərbə PUA-sı buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri 111 pilotsuz aparatı və iki idarəolunan aviasiya raketini məhv etsə də, Kiyevə atılan altı ballistik raketin heç biri vurulmayıb. Hücum nəticəsində şəhərin müxtəlif rayonlarında dağıntılar qeydə alınıb.
 


 
Yaralananlar var, Odessa limanına da zərbə endirildi
 
Kiyevdə son məlumata görə, 10 nəfər, o cümlədən 11 yaşlı uşaq yaralanıb. Solomenski rayonunda ofis-anbar binasında, Dnepr və Darnitski rayonlarında isə anbar və digər obyektlərdə yanğınlar baş verib. Partlayış dalğası dəmir yolu lokomotivinə də ziyan vurub.
 
İyulun 10-u axşam saatlarında isə Rusiya qanadlı raketlərlə Odessa vilayətinin liman infrastrukturuna zərbə endirib. Hücum zamanı 50 yaşlı liman işçisi həlak olub, mülki infrastruktur və xüsusi texnika zədələnib, ərazidə yaranan yanğınlar sonradan lokallaşdırılıb.