"Doğum günümü ailəmlə birlikdə evdə qeyd edirəm. Əsas rəqəm deyil, insanın özünü neçə yaşında hiss etməsidir. Çox yaşı özümə yaxın belə gətirmək istəmirəm (gülür). Gələn il 50 yaşım tamam olacaq, yubileyimdir. Ona görə də builki yaşımı elə də təntənəli qeyd etmirəm. Yubileyimi çox möhtəşəm şəkildə keçirmək istəyirəm"







Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Əməkdar artist Elşən Cəbrayılov deyib.



O daha sonra arzularından danışıb:



"Çox şükür Allaha indiyə qədər sənətdə bir çox şeylər əldə etmişəm. Bu mənə qismət olub. Ürəyim istəyən rolları oynamışam, yenə də oynayacam. Qarşıda yeni tamaşalar və rollar var. Arzusuz yaşamaq mümkün deyil, əlbəttə ki, ən böyük arzum övladlarımın sağ-salamat böyüməsi, həyatda öz yerlərini tutmasıdır, ən əsası da insan olmalarıdır. Çünki bu həyatda insan olmaq çox çətindir" deyə aktyor bildirib.



Elşən Cəbrayılov serial və filmlərdə çəkilməməsinin səbəblərindən də danışıb:



"Əlbəttə ki, təkliflər çoxdur, amma ürəyimcə olanı yoxdur. Çox istərdim ki, tarixi filmlərdə çəkilim. O möhtəşəm geyimlər, kostyumlar və s. aktyorun əynində gözəl görünür. Seriallardan dəvət gəlir, amma maddi cəhətdən mənə sərf etmir ki, bütün işimi-gücümü atım, gedib çəkilim. Heç cür çatdıra bilmirəm. Həm də rol və tərəf müqabilləri baxımından da özümə layiq təkliflər yoxdur. Biz artıq özümüzə layiq tərəf müqabilləri ilə oynamalıyıq. Aktyor seçimi güclü olmalıdır. İndi seriallar  çəkilir, amma aktyor yox, rejissorlar özləri xeyir qazanır" deyə aktyor bildirib.