ABŞ-ın Respublikaçılar Partiyasından olan nüfuzlu senator Lindsi Qrem 71 yaşında vəfat edib. 


Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.






Senatorun ofisinin yaydığı məlumata görə, o, qısa sürən qəfil xəstəlik nəticəsində dünyasını dəyişib. Bəzi KİV-lər ölüm səbəbinin ürək tutması olduğunu bildirir.


Tramp və Ukraynadan başsağlığı


ABŞ prezidenti Tramp Lindsi Qremin ölümünə münasibət bildirərək onu "tanıdığı ən böyük senatorlardan və əsl Amerika vətənpərvərlərindən biri" adlandırıb. Onun sözlərinə görə, Qremin yoxluğu ciddi şəkildə hiss olunacaq.


Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk da senatorun vəfatından sarsıldığını bildirib. O qeyd edib ki, Qrem cəmi bir neçə gün əvvəl Kiyevdə olub, Ukraynaya dəstək və Rusiyaya qarşı yeni sanksiyalar barədə müzakirələr aparıb.


Ukraynanın fəal tərəfdarlarından biri idi


Lindsi Qrem uzun illər ABŞ Senatında Ukraynanın ən ardıcıl tərəfdarlarından biri kimi tanınıb. O, Kiyevə silah tədarükünün artırılmasını, Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini və Ukraynanın uzaqmənzilli silahlarla təmin edilməsini dəfələrlə dəstəkləyib.


Son Kiyev səfəri zamanı senator Ağ Evin Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyə razılıq verdiyini açıqlamışdı. Bu təşəbbüsün Rusiya ilə enerji əməkdaşlığını davam etdirən ölkələrə qarşı məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutduğu bildirilirdi.