Rusiya və Ukrayna arasında qarşılıqlı hava zərbələri davam edir.
Moderator.az xəbər verir ki, bu barədə "glavred.info" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrini pilotsuz aparat və idarəolunan aviasiya bombaları ilə vurub, Ukrayna isə Rusiyanın Samara vilayətində yerləşən iri neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb.
Krivoy Roq və Sumıya zərbələr
İyulun 12-də səhər saatlarında Rusiya ordusu "Shahed" tipli PUA-larla Krivoy Roqda sənaye müəssisəsinə hücum edib. Nəticədə iki nəfər həlak olub, müəssisə və infrastruktur zədələnib. Sonradan şəhərə ikinci zərbə də endirilib və yanğın baş verib.
Həmin gün Sumı şəhəri də üç idarəolunan aviasiya bombası ilə vurulub. Son məlumata görə, hücum nəticəsində 5 nəfər, o cümlədən avtobus dayanacağında olan 13 yaşlı qız həlak olub. Daha 31 nəfər, o cümlədən uşaqlar yaralanıb. Yaşayış binaları, avtomobillər, yanacaqdoldurma məntəqəsi, avtosalon və digər mülki obyektlərə ziyan dəyib.
Ukrayna Rusiyanın neft emalı zavodunu vurdu
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri isə iyulun 12-nə keçən gecə Rusiyanın Samara vilayətində yerləşən Sızran Neft Emalı Zavoduna uğurlu zərbə endirildiyini bildirib. Məlumata görə, "Rosneft"ə məxsus iri müəssisədə güclü yanğın baş verib.
Zavodun illik emal gücü təxminən 8,5 milyon ton təşkil edir və burada benzin, dizel yanacağı, aviasiya kerosini və digər neft məhsulları istehsal olunur. Ukrayna tərəfi əlavə olaraq bildirib ki, son bir həftə ərzində pilotsuz sistemlər Rusiyanın "kölgə donanması"na aid 90 gəmini, o cümlədən 10 tanker və 4 bərəni sıradan çıxarıb.