Ukrayna son illərdə xüsusilə pilotsuz uçuş aparatlarının istehsalında ciddi irəliləyiş əldə etsə də, Rusiya ballistik raketlərinin qarşısını almaqda hələ də böyük çətinlik çəkir.
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri yazıb.
Ballistik raketlərin əksəriyyəti hədəfə çatır
Nəşr yazır ki, hazırkı şəraitdə bu problemin yaxın vaxtlarda həll olunacağı gözlənilmir. Nəşrin məlumatına görə, iyulun 2 və 6-da Kiyevə edilən iki iri hücum zamanı buraxılan 53 ballistik raketdən 49-u hədəfə çatıb. Xüsusilə iyulun 6-da atılan 29 ballistik raketin heç biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmayıb.
Bununla yanaşı, son bir həftə ərzində Ukrayna təxminən 2200 zərbə PUA-sı, 1730-dan çox idarəolunan aviasiya bombası və 106 raket hücumu ilə üzləşib. Hava hücumundan müdafiə qüvvələri dronların təxminən 90 faizini məhv etsə də, ballistik raketlərə qarşı imkanlar kifayət etmir.
"Patriot" çatışmazlığı əsas problemdir
Ekspertlərin fikrincə, əsas səbəb ABŞ istehsalı olan "Patriot" sistemlərinin və xüsusilə PAC-3 raketlərinin çatışmazlığıdır. Bir PAC-3 raketinin qiyməti təxminən 4 milyon dollar, tam batareyanın dəyəri isə 1 milyard dollara yaxındır. Bundan əlavə, bu sistemlərə qlobal tələbat çox yüksəkdir.
Mütəxəssislər hesab edir ki, hətta istehsal texnologiyası Ukraynaya verilsə belə, belə sistemlərin hazırlanması aylarla vaxt aparacaq. Onların fikrincə, problemin həlli yalnız hava hücumundan müdafiə vasitələrinin artırılması deyil, həm də Rusiyanın uzaq məsafədən zərbə imkanlarını məhdudlaşdıracaq uzun mənzilli raketlərin verilməsidir.
Avropanın imkanları məhduddur
Hərbi analitiklər bildirirlər ki, "Patriot" sistemlərinin istehsal tempi müharibənin tələbatını ödəmir. Onların sözlərinə görə, Avropa maliyyə ayırsa belə, bu sistemlərin ixracı və tədarükü əsasən ABŞ administrasiyasının qərarından asılıdır və prosesin tamamlanması üçün uzun müddət tələb olunur.