ABŞ-yə etimadın zəifləməsi fonunda dünya Vaşinqtondan asılılığı azaltmağa və yeni geosiyasi reallığa
uyğunlaşmağa çalışır




 
Uzun illər dünyanın ən böyük qorxularından biri ABŞ-nin qlobal nizamdan imtina etməsi idi. B u proses artıq başlayıb və gözlənildiyi kimi dünya dağılmayıb. Əksinə, bir çox ölkə Vaşinqtondan asılılığı azaltmağa çalışır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.
 
ABŞ-yə etibar zəifləyir
 
Müəllif hesab edir ki, ən böyük dəyişiklik ABŞ-ın özündə baş verir. Donald Trampın Kanadanın ilhaqı ilə bağlı açıqlamaları, Qrenlandiyaya dair iddiaları, müttəfiqlərə qarşı gömrük rüsumları və NATO-ya təzyiqləri ABŞ-yə inamı ciddi şəkildə sarsıdıb.
 
Kanada iqtisadi təzyiqlərin ağır nəticələr verəcəyini qəbul etsə də, araşdırmalar göstərir ki, itkilərin böyük hissəsi digər bazarlar hesabına kompensasiya olunur. Müəllif vurğulayır ki, alüminium, neft və kalium kimi strateji məhsullar üçün alıcı həmişə tapılır və bu, ABŞ-dən asılılığı azaldır.
 
Avropa alternativlər axtarır
 
Məqaləyə görə, Avropa şirkətlərinin səhmləri son dövrdə Amerika şirkətlərindən daha uğurlu nəticələr göstərib. Aİ müdafiə sənayesini gücləndirir, ABŞ silahlarından və texnologiyalarından asılılığı azaltmağa çalışır.
 
Müəllif yazır ki, Avropa artıq Vaşinqtonun iqtisadi təzyiqlərinə cavab verə biləcək alətlərə malik olduğunu anlayır. Rəsmi qurumlarda Amerika texnologiyalarının əvəzlənməsi istiqamətində də addımlar atılır.
 
"Zombiləşdirilmiş Amerika" və yeni dünya
 
Məqalədə ABŞ "geosiyasi zombi"yə bənzədilir. Müəllif hesab edir ki, ölkə hələ də böyük gücdür, lakin əvvəlki kimi sabit və etibarlı lider deyil. Dünyanın bir çox ölkəsi hesab edir ki, ABŞ-də növbəti seçkilər belə ölkənin daxili parçalanmasını aradan qaldırmayacaq.
 
Yazıda qeyd olunur ki, ABŞ-dən kənarda getdikcə daha çox dövlət öz təhlükəsizliyini Vaşinqtondan maksimum dərəcədə müstəqil şəkildə təmin etməyə çalışır. Müəllifin fikrincə, gələcəyin beynəlxalq sistemi artıq Amerika hegemonluğuna deyil, çoxqütblü dünyaya söykənəcək.