50 yaşdan sonra qadın orqanizmində baş verən hormonal dəyişikliklər yuxunun keyfiyyətinə, əzələ və sümük sağlamlığına, eləcə də ümumi həyat keyfiyyətinə təsir göstərir. 
 




Moderator.az xəbər verir ki, bu barədə "eatingwell.com" nəşri yazıb.
 
Mütəxəssislər bildirirlər ki, axşam saatlarında formalaşdırılan sadə vərdişlər daha rahat yuxuya getməyə, orqanizmin bərpasını sürətləndirməyə və uzunmüddətli sağlamlığı qorumağa kömək edə bilər.
 
Mütəxəssislər 50 yaşdan yuxarı qadınlar üçün xüsusilə faydalı hesab olunan altı axşam vərdişini açıqlayıblar.
 
Yatmazdan əvvəl spirtli içkilərdən uzaq durun
 
Həkimlər axşam saatlarında spirtli içkilər əvəzinə alkoqolsuz kokteyllər, alkoqolsuz pivə və ya şərab seçməyi məsləhət görürlər. 50 yaşdan sonra bir çox qadın perimenopauza və menopauza dövründə yuxu problemləri ilə qarşılaşır. İstilik basmaları, gecə tərləmələri və hormonal dəyişikliklər tez-tez oyanmağa, hətta yuxusuzluğa səbəb ola bilir. Spirtli içkilər isə bu problemləri daha da ağırlaşdıra bilər. Mütəxəssislərin sözlərinə görə, daha faydalı seçim turş albalı şirəsidir. Onun tərkibindəki polifenollar, melatonin və triptofanın daha tez yuxuya getməyə və yuxunun keyfiyyətini artırmağa kömək etdiyi hesab olunur.
 
Axşam qəlyanaltınıza zülal əlavə edin
 
Menopauzadan sonra estrogen hormonunun azalması nəticəsində əzələ kütləsi daha sürətlə itirilir. Bununla yanaşı, sümük toxumasının sıxlığının azalması və osteoporoz riski də artır. Buna görə mütəxəssislər yatmazdan əvvəl zülalla zəngin qidalar qəbul etməyi tövsiyə edirlər. Yunan yoqurtu, kəsmik, pendir və ya bitki mənşəli zülal kokteyli yaxşı seçim hesab olunur. Bu cür qəlyanaltı xüsusilə müntəzəm güc məşqləri edən qadınlar üçün faydalıdır. Zülal gecə ərzində əzələ liflərinin bərpasını sürətləndirir, əzələ gücünün və sağlam bədən quruluşunun qorunmasına kömək edir.
 
Axşam ağız boşluğunun gigiyenasını unutmayın
 
Yaş artdıqca diş və diş əti sağlamlığı bütövlükdə orqanizmin vəziyyəti ilə daha sıx əlaqələnir. 50 yaşdan sonra ağız quruluğu, kariyes, diş əti xəstəlikləri, diş itkisi və digər stomatoloji problemlər daha çox müşahidə olunur. Bu problemlər qidalanmaya mənfi təsir göstərməklə yanaşı, ürək-damar xəstəlikləri və şəkərli diabet kimi xroniki xəstəliklərin ağırlaşma riskini də artıra bilər. Bu səbəbdən yatmazdan əvvəl dişlərin diqqətlə təmizlənməsi gündəlik axşam qulluğunun vacib hissəsinə çevrilməlidir.
 
Yatağınızın yanında su saxlayın
 
Digər faydalı vərdiş yatağın yanında bir stəkan su saxlamaqdır. İnsan gecə oyanmasa belə, yuxu zamanı, xüsusilə menopauza dövründə güclü tərləmə nəticəsində orqanizm maye itirə bilər. Oyandıqdan dərhal sonra su içmək susuzlaşmanın qarşısını almağa kömək edir.
 
Maqnezium qəbulu barədə həkimlə məsləhətləşin
 
Maqnezium sinir sisteminin normal fəaliyyətində mühüm rol oynayır, əzələlərin boşalmasına kömək edir və yuxunun tənzimlənməsində iştirak edir. Yaş artdıqca orqanizmin bu elementi mənimsəmə qabiliyyəti zəifləyə bilər. Mütəxəssislərin fikrincə, maqneziumun ən yaxşı mənimsənilən formalarından biri maqnezium qlisinatdır.
 
Bu maddə yalnız yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək etmir, həm də kalsium mübadiləsində iştirak edərək sümük toxumasının möhkəmliyini dəstəkləyir. Bu isə 50 yaşdan sonra osteoporozun qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır. Bununla belə, hər hansı vitamin və ya qida əlavəsini qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
 
Dərin nəfəs məşqləri edin
 
Diafraqmal nəfəsalma yatmazdan əvvəl gərginliyi azaltmağın ən sadə və təsirli üsullarından biri hesab olunur. Bunun üçün burun vasitəsilə yavaş-yavaş nəfəs alaraq qarını hava ilə doldurmaq, daha sonra isə eyni tempdə uzun və sakit şəkildə nəfəs vermək lazımdır. Bu texnika sinir sistemini sakitləşdirir, stres səviyyəsini azaldır və yuxuya getməyi asanlaşdırır.
 
Bundan əlavə, müntəzəm nəfəs məşqləri arterial təzyiqin, ürək döyüntüsünün və stres hormonu olan kortizolun səviyyəsinin normallaşmasına müsbət təsir göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, bu, xüsusilə 50 yaşdan yuxarı qadınlar üçün vacibdir. Çünki uzunmüddətli stres ürək-damar xəstəliklərinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.