“Bəzi ağzıgöyçək və xainlər Azərbaycanı bir sıra məsələlərdə Şimali Koreya, Mozambik, Nikaraqua və s. kimi geridəqalmış, diktatura ölkələri ilə müqayisə edirlər...”
 




“Götürək elə kapitalizmin atası, canıyanan ABŞ-ı. Guya böyük, demokratik(!) dövlətdir, amma pensiya sisteminə baxırsan – tam bir xaos...”
 
“Yaxud da inqilablar beşiyi, demokratik(!) Fransa... Guya demokratiyadır. Amma Makron hökuməti durduğu yerdə pensiya yaşını 62-dən 64-ə qaldırdı, bütün Paris aylarla zibilliyin, tüstünün içində boğuldu. Niyə?..”
 
“Heç Türkiyə də bizə çata bilməz... Adamlar "EYT" deyilən bir qanun çıxardılar, hamını 49-52 yaşında vaxtından tez pensiyaya buraxdılar, indi də “SGK” fondu müflis olub batır, inflyasiya lirəni yeyir, minimum təqaüdü güclə 12500 lirəyə çatdırıblar...”
 
“Bu gün Azərbaycandakı minimum və orta aylıq pensiya məbləği kosmik sürətlə böyüyərək dünya standartlarını keçməkdədir. Buna ən bariz nümunə elə həmin bu yaxınlarda tarixin zibilliyinə gömüləcək diktator Kim Çen Inın ölkəsinin pensiya sistemi ilə müqayisədir...”
 
****     ****    ****     ****                ****   ****   ****   *****
 
Dünyanın pensiya xəritəsinə baxanda adamın elə hey bizim müvafiq qurumların baş ofislərinə tərəf dönüb səcdə eləməyi gəlir. Bəli, bəziləri gecə-gündüz gileylənir, amma xəbərləri yoxdur ki, bu fani dünyada qocalığı sığortalamaq adı altında hansı oyunlar oynanılır. Şükür bizim ruzili, bərəkətli, "israfı sevməyən" sistemimizə ki, bizi o qərib ölkələrin gününə salmayıb! Götürək elə kapitalizmin atası, canıyanan ABŞ-ı. Guya böyük, demokratik(!) dövlətdir, amma pensiya sisteminə baxırsan – tam bir xaos... 
 
Camaatı məcbur eləyirlər ki, "401(k)" deyilən hansısa fırıldaq fondlara hər ay pul yatırsınlar, sonra da o pulları qumar kimi bir şey olan fond birjalarında səhmlərə qoysunlar. Bir də gördün böhran düşdü, birja çökdü, qocanın 30 illik yığımı bir gecədə sabun köpüyü kimi uçub getdi... 
 
Budur rəhmət? Bizdə isə hər şey zəmanətlidir, risk yoxdur; fond pulu səhmdə batırmır, çünki elə əvvəldən vətəndaşa o qədər ağır və əlçatmaz "minimum kapital və staj" şərtləri qoyur ki, pulun batmaq ehtimalı sıfıra enir. Kiminsə pulu batırsa, o da ancaq pensiya yaşına çatmayıb dünyasını dəyişən vətəndaşın öz pulu olur – o da ki yad ölkəyə yox, öz dostdoğma hökumətimizə xeyir kimi qalır... 
 
Yaxud da inqilablar beşiyi, demokratik(!) Fransa... Guya demokratiyadır. Amma Makron hökuməti durduğu yerdə pensiya yaşını 62-dən 64-ə qaldırdı, bütün Paris aylarla zibilliyin, tüstünün içində boğuldu. Niyə? Çünki fransız qocası tənbəldir, az işləyib çox almaq istəyir. Bizim sistem isə tam bir pedaqoji və uzaqgörən fəlsəfəyə malikdir. Bizdə pensiya yaşı artırılanda heç kim küçəyə çıxıb təkər yandırmır. O səbəbdən ki, bizim qocalarımız əməyin insanı ucaltdığını hələ sovet dövründən yaxşı bilirlər və rəhbərliyin "65 yaş" qərarını elə böyük minnətdarlıqla, səssiz-səmirsiz qarşılayırlar ki, adamın Fransa qocalarının mədəniyyətsizliyinə yazığı gəlir... 
 
Bəs o böyük iqtisadiyyatlı Çin? Şəhərdə işləyən məmurlarına bəh-bəhlə 1000 manat pensiya verirlər, amma zavallı kəndlilərinə gələndə ayda cəmi 47-70 AZN-cik sədəqə qıyıb adını "pensiya" qoyurlar. Budurmu ədalət?.. 
 
Bizdə, yəni Azərbaycanda isə şəhər qocası ilə kənd qocası arasında fərq yoxdur – sistem hamıya qarşı bərabər dərəcədə "simicdir", fərq qoymur... 
 
Heç Türkiyə də bizə çata bilməz... Adamlar "EYT" deyilən bir qanun çıxardılar, hamını 49-52 yaşında vaxtından tez pensiyaya buraxdılar, indi də “SGK” fondu müflis olub batır, inflyasiya lirəni yeyir, minimum təqaüdü güclə 12500 lirəyə çatdırıblar. Biz isə vaxtından tez pensiyaya çıxmaq istəyənlərin (məsələn, deputatların və rütbəlilərin) yollarını elə gözəl qanunlarla yağlayırıq ki, sıravi vətəndaşın erkən pensiyaya çıxıb fondu müflis etməyə fiziki imkanı qalmır...
 
...Nikaraquada isə vəziyyət lap acınacaqlıdır. Daniel Orteqa hökuməti pensiya hesablanma müddətini son 5 ildən son 7 ilə qaldırdı ki, rəqəmlər kiçilsin, pensiyaçının pulu kəsilsin, millət də acından küçələrə töküldü. Bizimkilər isə heç kimin xətrinə dəymədən, elə "orta aylıq əməkhaqqının artım tempi" və "gözlənilən pensiya müddəti" (216 ay) kimi sehrli riyazi düsturlarla indeksasiyanı elə tənzimləyirlər ki, kənardan baxanda hər il artım olur, amma vətəndaşın cibinə baxanda heç nə dəyişmir. Bax, buna deyərlər dövlət ağlı!.. 
 
İndi isə gələk lap uzaqlara... 
 
...Qardaş, üzr istəyirik, uzaq Mozambik ölkəsində müasir Rusiyanın benzindoldurma çarı Vladimir Putin kimi dahi sovet rəhbəri İosif  Stalinə də böyük hörmət bəsləyir və daim ona rəhmət oxuyurlar. Bu səbəbdən də “xalqlar atası”nın məşhur “insan yoxdur - problem yoxdur” prinsipi həmin ölkənin hökuməti üçün ciddi bir inkişaf və tərəqqi leytmotivinə çevrilib. Və elə o səbəbdəndir ki, ölkədə insan ölümlərinin, intiharlarının sayı artdıqca dövlət başçısı başda olmaqla bütün hökumət: nazirlər, komitə sədrləri, region başçıları, o cümlədən deputatlar ürəkdən sevinir, şadlıq edirlər... 
 
Bir gündə məsələn, pensiya yaşına çatmamış 10 nəfər 50-60 yaşlı kişi, qadın dünyasını təbii şəkildə,hansısa qəza, yaxud elə intihar nəticəsində dəyişəndə isə Mozambikin sosial müdafiə naziri sözün əsil mənasında bayram edir. O həmin günlər öz həmkarı – maliyyə nazirini də dəvət edərək öz hesabına paytaxt Marutonun ən bahalı “Zambi” yaxud “Polana Serena Hotel Restaurant” restoranında hər iki nazirliyin ən seçkin və məddah məmurlarından ibarət 400-500 nəfərlik banket-ziyafət verir. Bunun əsas səbəbi odur ki, büdcədən pul vəsait ayrılmalı olan obyektlərin sayı azalır və hər iki nazir bu haqda ölkə liderinə haylı-küylü hesabat verərək öz vəzifə, kreslo müddətlərini daha da artırmış olurlar... 
 
Qeyd edək ki, Mozambikdə insan doğulanda onun gözlənilən orta ömür müddəti təxminən 64 ildir. Bu göstərici cinslərə görə fərqlənir: qadınlarda bu rəqəm təqribən 67 il, kişilərdə isə 60-61 il təşkil edir.
 
Dünyada orta ömür uzunluğunun artmasına baxmayaraq, səhiyyə sistemindəki çətinliklər səbəbindən hələ də qlobal orta göstəricidən (təqribən 73 il) aşağıdır. Məhz bu səbəbdən də sosial müdafiə və maliyyə nazirlərinin sevinc, şadlıq, ziyafət şansları gündən-günə artmaqdadır. Belə getsə, yaxın gələcəkdə onlar öz ziyafətlərinə ölkədə əhali artımının ildən-ilə azalmasına, savadsızlığa, elmsizliyə və s. can-başla xidmət göstərən səhiyyə, təhsil, daxili işlər, ədliyyə və müdafiə nazirlərini, sərhəd xidməti rəhbərlərini, təbii qaz və su idarələrinin rəhbərlərini və s. də dəvət edəcəklər...
 
Bəli, bütün bu sadalanan faktlar göstərir ki, Azərbaycanda pensiya sistemi yüksək səviyyədə inkişaf edərək Avropa və dünya standartlarına yaxınlaşmaqdadır. Bəzi ağzıgöyçək və xainlər Azərbaycanı bir sıra məsələlərdə Şimali Koreya, Mozambik, Nikaraqua və s. kimi geridəqalmış, diktatura ölkələri ilə müqayisə edirlər. İldən-ilə artan qələbələrimizi, tərəqqimizi gözləri götürməyən o bədxahların, namərdlərin, vətən xainlərin, manqurtların nəzərinə çatdırmaq istəyirik ki, bu gün Azərbaycandakı minimum və orta aylıq pensiya məbləği kosmik sürətlə böyüyərək dünya standartlarını keçməkdədir. Buna ən bariz nümunə elə həmin bu yaxınlarda tarixin zibilliyinə gömüləcək diktator Kim Çen Inın ölkəsinin pensiya sistemi ilə müqayisədir...
 
Siz bir oradakı pensiya məbləğinə baxın: 
 
Minimum və orta aylıq təqaüd həddi: Təxminən 700 ilə 1500 Şimali Koreya vonu (“KPW”) arasında dəyişir...
 
Şimali Koreya valyutasının real bazar dəyərsizləşməsini nəzərə aldıqda, bu məbləğ hər hansı bir valyutaya çevrilməyəcək qədər kiçikdir və təqribən 0.17 – 0.34 AZN (17-34 qəpik) civarındadır. Bu pulla ölkədə hətta 1 kiloqram düyü və ya bir qutu kibrit də almaq qeyri-mümkündür. 
 
Görürsüz, kosmik fərqi?.. O hər gün sosial şəbəkədə, orda-burda, nə bilim, Fransada, ABŞ-da, Almaniyada  ölkəmizin ünvanına ağıllarına və ağızlarına gələn hədyanlar, şər-böhtanlar söyləyən bədxahlara, manqurtlara müraciət edirəm. Baxın, bir daha baxın və yana-yana qalın: “Biz Azərbaycan vətəndaşıyıq!” 
 
İlahi, bir daha şükür edək ki, Şimali Koreyadakı o pensiya “xoşbəxtliyi” hələ də bizlərə nəsib olmayıb... 
 
Doğrudan da, Azərbaycan xalqı sözün əsil mənasında necə də xoşbəxt bir xalqdır... Gözü götürməyənlərin, bax, elə gözü çıxsın!..
 
Sultan Laçın