Bu gün Moderator.az informasiya agentliyinin Qaynar Xəttinə Yeni Klinikada baş verdiyi iddia olunan hadisə ilə bağlı məlumat və videogörüntülər daxil olub.


Məlumata görə, xəstəxanada növbə sisteminin ("TƏBİB" sisteminin) işləməməsi səbəbindən xəstə qəbulu müvəqqəti dayanıb. Növbə gözləyən qadının vəziyyəti pisləşib və o, huşunu itirib.






Bildirilir ki, qadın təxminən 10 dəqiqəyə yaxın zalda yerdə uzanılı vəziyyətdə qalıb. Daha sonra həkimin xəstənin yanına gəlmədiyini görən vətəndaşlar huşunu itirən xanımı xəstə arabasına əyləşdirərək tibbi müdaxilə göstərilməsi üçün müayinə otağına aparıblar.




Qaynar Xəttimizə təqdim olunan görüntülərdə onun bir neçə dəqiqə yerdə uzanılı vəziyyətdə qaldığı görünür. Kadrlarda da aydın görünür ki, hadisə zamanı yerində həkim müdaxiləsi olmayıb.


Vətəndaşların bildirdiyinə görə, uzun müddət növbə gözləyən, lakin qəbul olunmadan geri qayıtmağa məcbur qalan şəxslər arasında ciddi narazılıq yaranıb. Qəbul üçün gələn bəzi vətəndaşların vaxt itkisindən, yaranmış vəziyyətdən və məsələnin operativ həll olunmamasından narazı şəkildə klinikanı tərk etdiyi vurğulanır.


Sonda nəzərinizə çatdırırıq ki, hadisə ilə bağlı TƏBİB-ə ünvanladığımız rəsmi sorğu cavabsız qalıb. Qurumun mövqeyini öyrənmək cəhdimiz nəticəsiz olduğundan, vətəndaşların narazılığına səbəb olan iddialarla bağlı rəsmi münasibəti təqdim etmək mümkün olmayıb.