Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino gələcək dünya çempionatlarında iştirakçı komandaların sayının 64-ə çatdırılmasının mümkünlüyünü açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazıb.
İştirakçıların sayı yenidən artırıla bilər
İnfantinonun sözlərinə görə, bu məsələ 2026-cı il dünya çempionatından sonra müzakirə olunacaq. O bildirib ki, 48 komandalı format özünü doğruldub və müxtəlif qitələrdən olan yığmalar uğurlu çıxış ediblər.
FİFA rəhbərinin planına əsasən, yeni formatda 16 qrup mübarizə apara və ümumilikdə 128 oyun keçirilə bilər. Bununla yanaşı, hər komandanın keçirəcəyi oyunların sayının dəyişməyəcəyi vurğulanır.
2026-cı il mundialının həlledici oyunları
Hazırda ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında yarımfinal mərhələsi davam edir. İyulun 14-də Arlinqtonda Fransa - İspaniya, 15-də isə Atlantada İngiltərə - Argentina qarşılaşacaq.
Üçüncü yer uğrunda oyun 18 iyulda Mayamidə, final isə 19 iyulda Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən MetLife Stadiumda keçiriləcək.
2030-cu il mundialı altı ölkədə keçiriləcək
Növbəti dünya çempionatı 2030-cu ildə İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Uruqvay və Paraqvayın ev sahibliyi ilə təşkil olunacaq. Mütəxəssislərin fikrincə, həmin turnirdə Lionel Messi, Kriştianu Ronaldo, Neymar və Luka Modriç kimi futbol ulduzlarının iştirakı artıq çətin görünür.
Messi və Argentina yığmasına qarşı petisiya
Bu arada, dünya çempionatı fonunda Argentina millisinin turnirdən kənarlaşdırılması tələbi ilə internetdə başladılan petisiyaya 3 milyondan çox insanın imza atdığı bildirilir. Bu barədə Özbəkistanın "Podrobno" nəşri məlumat yayıb.
Petisiya müəllifləri FİFA-nı və hakimləri hazırkı dünya çempionlarına, xüsusilə Lionel Messiyə qərəzli münasibət göstərməkdə ittiham edirlər. Onların fikrincə, hakim qərarları mütəmadi olaraq Argentina millisinin xeyrinə verilir və bu, digər komandaları bərabər olmayan şəraitdə qoyur.
Narazılığın əsas səbəblərindən biri Argentina ilə Misir arasında keçirilən 1/8 final oyunu olub. Hesabda 0:2 geri düşən Argentina sonda geri dönüş edərək qələbə qazanıb. Qarşılaşmadan sonra Misir tərəfi FİFA-nı korrupsiyada, hakimləri isə rəqibə kömək etməkdə ittiham edib.
Petisiyada həmçinin Argentinanın xeyrinə təyin edilən çoxsaylı penaltilər, diqqətdən kənarda qalan qayda pozuntuları və hakimlərin qərəzli davranışı ilə bağlı iddialar da yer alıb. Bununla belə, petisiyanın rəsmi hüquqi qüvvəsi yoxdur və onun dünya çempionatından kənarlaşdırılma ilə nəticələnməsi mümkün deyil.