Bəzi insanlar dəniz sahilinə təkrar-təkrar qayıtmağa can atır, digərləri isə orada istirahət etdikdən sonra belə dənizə xüsusi maraq göstərmir. Bu fərq həm psixoloji, həm də fizioloji amillərlə bağlıdır.
Moderator.az xəbər verir ki, bu barədə "obltv.ru" nəşri yazıb.
İlk təəssürat həlledici rol oynayır
Psixoloqların fikrincə, dənizlə ilk qarşılaşma insan beynində güclü iz buraxa bilər. Dalğaların səsi, duzlu hava, sonsuz üfüq və sərin su eyni anda hiss orqanlarına təsir edərək güclü emosional yaddaş formalaşdırır. Psixoloq Yekaterina Vlaşenkonun sözlərinə görə, bu təcrübə nəticəsində dəniz insanın şüurunda sadəcə istirahət yeri deyil, xüsusi rahatlıq və həyatın dolğunluğu hissi ilə əlaqələndirilir.
Dəniz orqanizmə necə təsir edir?
Psixoloqlar qeyd edir ki, dənizə bağlılığın fizioloji səbəbləri də var. Duzlu suyun tərkibindəki yod, maqnezium və brom sinir sistemini sakitləşdirir, mənfi ionlarla zəngin dəniz havası isə orqanizmin oksigenlə təminatını yaxşılaşdırır. Mütəxəssislərin fikrincə, beyin bu xoş vəziyyəti yadda saxlayır və stres zamanı onu yenidən yaşamaq istəyir.
Niyə bəziləri dənizsiz darıxmır?
Psixoloqların izahına görə, dənizi heç vaxt görməyən insanlarda onunla bağlı emosional və hissi xatirələr formalaşmır. Onlar üçün dəniz yalnız filmlərdə, kitablarda və mahnılarda təsvir olunan anlayışdır. Şəxsi təcrübə olmadığından beyin dənizi rahatlıq mənbəyi kimi qəbul etmir və buna görə də həmin insanlarda dənizə qayıtmaq arzusu güclü şəkildə yaranmır.