Ukrayna ilk dəfə bu ay Rusiyanın ballistik raketlərini vurdu: 8 raketdən 5-i məhv edildi
14 Jul 2026, 14:55 32 baxış 2 dəq oxuma
Ukrayna Hərbi Hava Qüvvələri iyul ayında ilk dəfə Rusiyanın ballistik raketlərini uğurla zərərsizləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, iyulun 14-nə keçən gecə Rusiya Bryansk vilayətindən buraxdığı 8 "İskəndər-M"/S-400 ballistik raketindən 5-i hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bundan başqa, Ukrayna ordusu 2 X-59/69 idarəolunan aviasiya raketini, həmçinin "Shahed", "Gerbera", "İtalmas" və digər tipli 108 pilotsuz uçuş aparatını da məhv edib və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirib. Bununla belə, bir ballistik raketin və 25 PUA-nın hədəflərə çatdığı, 17 müxtəlif nöqtəyə zərbə endirdiyi bildirilir.
Aviasiya eksperti Boqdan Dolintsenin sözlərinə görə, ballistik raketlərin vurulması Ukraynanın PAC-3 raketləri ilə təchiz olunan "Patriot" sistemləri üçün yeni raketlər əldə etdiyini göstərə bilər. O qeyd edib ki, hazırda Ukraynanın arsenalında ballistik raketləri məhv etməyə qadir başqa sistem yoxdur.
Ekspert hesab edir ki, bu imkan təkcə raketlərin vurulmasına deyil, həm də düşmən hədəflərinin daha effektiv aşkarlanmasına şərait yaradır. Onun sözlərinə görə, əvvəllər ballistik raketləri ələ keçirmək imkanı olmadıqda radarların işə salınması böyük risk yaradırdı, çünki Rusiya onları dərhal aşkar edərək zərbə endirə bilirdi. Buna baxmayaraq, Ukrayna tərəfi yeni əldə edilən raketlərin sayı barədə məlumatın məxfi saxlanıldığını vurğulayır.