Avropa və Ukrayna yeni antiballistik koalisiya yaratdı - Məqsəd vahid raketdən müdafiə sistemi qurmaqdır
14 Jul 2026, 14:25 29 baxış 3 dəq oxuma
Ukrayna və daha doqquz Avropa ölkəsi qitənin raket təhlükələrindən müdafiəsini gücləndirmək məqsədilə yeni Antiballistik Koalisiyanın yaradıldığını elan edib.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Parisdə keçirilən "İstəklilər Koalisiyası"nın sammitində imzalanan birgə bəyannaməyə Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Niderland, Norveç, İsveç və Danimarka qoşulub.
Sənəddə bildirilir ki, Avropanın təhlükəsizliyi gələcək raket təhdidlərini aşkarlayıb zərərsizləşdirə biləcək inteqrasiya olunmuş raketdən müdafiə arxitekturasının yaradılmasını tələb edir. Yeni sistem mövcud hava və raketdən müdafiə komplekslərini əvəz etməyəcək, əksinə, onları vahid şəbəkədə birləşdirərək tamamlayacaq. Gələcəkdə koalisiyaya başqa ölkələrin də qoşulması istisna edilmir.
FREYJA layihəsi və Zelenskinin açıqlaması
Koalisiyanın əsasını Ukraynanın irəli sürdüyü FREYJA proqramı təşkil edir. Layihə Ukrayna və Avropa müdafiə sənayesinin birgə iştirakı ilə yeni anti-ballistik müdafiə sisteminin hazırlanmasını və istehsalını nəzərdə tutur. Məqsəd Avropanın müdafiə imkanlarını genişləndirmək, eyni zamanda ABŞ istehsalı olan "Patriot" sistemlərini əvəz etmədən onları tamamlayan əlavə müdafiə qatını formalaşdırmaqdır.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın müharibəsini dayandırmaq üçün güclü raketdən müdafiə imkanları həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Ukrayna nə qədər çox ballistik raketləri vurmaq imkanına malik olsa, Kremlin danışıqlar masasına oturmaq ehtimalı da bir o qədər artacaq. Zelenski vurğulayıb ki, FREYJA proqramı həm Ukraynanın, həm də bütün Avropanın üzərində daha etibarlı müdafiə qalxanı yaradacaq.
Layihənin növbəti mərhələsi
Sammitdə dövlət və hökumət başçıları ilə yanaşı, milli təhlükəsizlik üzrə müşavirlər, müdafiə nazirləri və müdafiə sənayesi nümayəndələri də iştirak ediblər. Tərəflər birgə elmi-tədqiqat və konstruktor işlərinin aparılması, məlumat mübadiləsinin genişləndirilməsi və layihənin maliyyələşdirilməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər.
Hazırda təşəbbüsə siyasi start verilib. Sistemin texniki parametrləri, maliyyə mənbələri və həyata keçirilmə müddəti isə növbəti mərhələdə müəyyənləşdiriləcək. Paris səfəri çərçivəsində Zelenski Fransa prezidenti Emmanuel Makronla da görüşərək Ukraynaya hərbi yardımın davamı, silahların birgə istehsalı və Avropanın raketdən müdafiə sisteminin inkişafını müzakirə edib.