"Süni intellekt heç vaxt insan səviyyəsinə çatmayacaq" - Amerikalı alimdən açıqlama
14 Jul 2026, 15:50 36 baxış 2 dəq oxuma
Amerikalı kompüter elmləri üzrə alim Piter Denninq hesab edir ki, süni intellekt heç vaxt məhsuldarlıq və yaradıcılıq baxımından insanla müqayisə oluna bilməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri yazıb.
Onun fikrincə, bunun əsas səbəbi maşınların insana xas olan bir sıra vacib xüsusiyyətlərdən məhrum olmasıdır. Alim yeni kitabında bildirib ki, süni intellektin inkişafı uzun illərdir yanlış istiqamətdə gedir.
O, insan təcrübəsi, intuisiya, hisslər, peşə bacarıqları, yaradıcılıq və mədəniyyət kimi "gizli biliklərin" kompüterlər tərəfindən nə mənimsənilə, nə də emal edilə bildiyini vurğulayıb. Denninqin sözlərinə görə, məhz bu xüsusiyyətlər ümumi süni intellektin (AGI) yaradılması qarşısındakı ən böyük maneədir.
O hesab edir ki, insanın daxili bilik və təcrübəsini izah etmək və kodlaşdırmaq mümkün olmadığından, süni intellekt heç vaxt tam mənada insan səviyyəsinə yüksələ bilməyəcək. Bundan əlavə, alim xəbərdarlıq edib ki, bu istiqamətdə nəzarətsiz inkişaf gələcəkdə təhlükəli nəticələrə səbəb ola bilər.