ABŞ-İran qarşıdurması dərinləşir: Hörmüz boğazı ətrafında gərginlik artır - "Vesty"
14 Jul 2026, 15:35 52 baxış 3 dəq oxuma
ABŞ ordusu İrana qarşı ardıcıl üçüncü gecə hava zərbələri endirib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, əməliyyat təxminən beş saat davam edib və Buşehr, Bəndər-Abbas, Çabahar, Cask, Konarak və digər bölgələrdə hava hücumundan müdafiə sistemləri, raket obyektləri, pilotsuz uçuş aparatları və hərbi-dəniz imkanları hədəfə alınıb. Vaşinqton Yaxın Şərqdə 50 mindən çox hərbçisinin yüksək döyüş hazırlığında olduğunu bildirib.
"Hörmüz boğazı açıq qalacaq"
ABŞ prezidenti Donald Tramp zərbələrin əsas məqsədinin Hörmüz boğazı ilə bağlı İranın hərbi imkanlarını zəiflətmək olduğunu deyib. Onun sözlərinə görə, ABŞ İranın hücum potensialına ciddi zərbə vurub, lakin buna baxmayaraq, Tehranla razılaşma əldə olunması ehtimalını hələ də istisna etmir. Tramp Hörmüz boğazının açıq qalacağını vurğulayıb.
Bu arada BƏƏ iki tankerinin Hörmüz boğazı yaxınlığında İran raketləri nəticəsində zərər gördüyünü açıqlayıb. İran isə həmin gəmilərin xəbərdarlıqlara məhəl qoymadığını və qadağan olunmuş marşrutla hərəkət etdiyini iddia edib.
Tehran ABŞ-ni hədələdi
İran ordusu ABŞ-nin hərbi əməliyyatlarının Hörmüz boğazını açmayacağını bəyan edərək, Vaşinqtonu "təcavüz və terror"da ittiham edib. Tehran ABŞ-yə qarşı qisas alacağını, həmçinin Hörmüz boğazı üzərində nəzarətin İranın dəyişməz strateji mövqeyi olaraq qalacağını bildirib.
Artan gərginlik fonunda İsrail təhlükəsizlik kabinetini fövqəladə iclasa toplayıb, Oman isə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün İranla danışıqlar apardığını açıqlayıb. Ekspertlər bildirirlər ki, ABŞ və İran arasında qarşılıqlı güzəştə hazır olmamaq regionda böhranı daha da dərinləşdirir.