“Mən kinoittifaqın üzvü deyiləm. Bütün prosesləri kənardan izləyirəm. Məzələnə-məzələnə.. Heç vaxt da ittifaqın üzvü olmayacam. Bu ittifaq Həsən Seyidbəylinin vəfatı, ora Rüstəm İbrahimbəyovun gəlişi ilə 1980-ci ildə “ölüb”


Bunu Moderator.az-a açıqlamasında kinorejissor və kinoşünas Ayaz Salayev deyib.






O daha sonra əlavə edib:


“Mən heç kimi dəstəkləmirəm. Nə Əli İsa Cabbarovu, nə də Şəfiqə Məmmədovanı.. Heç birini! Əvvəl bu iki namizəd arasında Şəfiqə xanımı dəstəkləyirdim. Çünki kinoda xidmətləri var, ad-san qazanıb. Sırf buna görə. Amma hazırda heç kimi dəstəkləmirəm. Bu ittifaq məndə böyük bir antipatiya hissi yaradır. Kinodan danışan yoxdur. Cəmiyyət çox aşağıdır. Buna görə mən təəssüflənirəm” deyə Ayaz Salayev bildirib.


Qeyd edək ki, Ayaz Salayev bir müddət əvvəl saytımıza verdiyi müsahibəsində Şəfiqə Məmmədovanı dəstəklədiyini bildirmişdi:


“Kino ittifaqının sədri kimi Şəfiqə xanımdan başqasını görmürəm. Demişdim ki, bu ittifaqlar birləşsə mən oradan çıxacam. Ona görə də bu ittifaqın üzvü deyiləm. Rüstəm İbrahimbəyovun təşkilatında olan adamlarla mən bir ittifaqda ola bilmərəm. Səbəbi isə bu idi ki, Rüstəm İbrahimbəyov o vaxt prezidentliyə namizədliyini verəndə onun ittifaqında olan şəxslər onu dəstəklədilər. Biri də ona etiraz etmədi, sədrlikdən çıxarmadılar. Xırdalamağa ehtiyac yoxdur. Ona görə də mən bu adamlarla bir yerdə ola bilmərəm”