İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırıb, ölkə və dünya gündəmi ilə bağlı maraqalı fikirlər səsləndirib.


Forumda Azərbaycanın bütün dünyada “orta güc” kimi dəyərləndirildiyinə diqqət çəkən dövlət başçısı,  bu dəyərləndirmənin bir neçə faktora bağlı olduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycanın həm hərbi gücü, həm iqtisadi qüdrəti, həm də regional və qlobal proseslərə təsir imkanı onu “orta güc” kimi xaralterizə etməyə imkan verir. 44 günlük Vətən müharibəsi və post-müharibə dönəmində baş verənlər də bu yanaşmanın tamamilə haqlı və məntiqli olduğunu göstərir.






Çıxışında Azərbaycanın erməni faşizmi üzərindəki tarixi zəfərinə diqqət çəkən Müzəffər Ali Baş Komandan, Ermənistanın dünyanın “böyük güc”ləri – ABŞ, Rusiya, Fransa tərəfindən himayə edildiyini,  Minsk qrupunun hər üç üzvünün hərbi əməliyyatları dayandırmaqla bağlı Azərbaycana təzyiq göstərdiyini vurğulayıb. Lakin dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün bu dövlətlərin təzyiqinə, hədə-qorxusuna baxmayaraq, müharibəni sona qədər davam etdirməyə, işğaldakı torpaqları son qarışına qədər azad etməyə nail oldu.


Prezidentin məlim çıxışıbir çox həqiqətə aydınlıq gətirməklə yanaşı,  maraqlı suallar da doğurmaqdadır.


“Orta güc” olan Azərbaycan “böyk güc” sayılan dövlətlərin təzyiqinə necə davam gətirdi? Necə oldu ki, Ermənistanın “böyük güc”lər tərəfindən himayə olunmasına baxmayaraq, Azərbaycan erməni faşizmini darmadağın etməyə, Ermənistanla yanaşı, onun himayədarlarını da məğıub etməyə nail oldu?


Bütün bu sualların cavabını yenə də Prezident İlham Əliyevin çıxışında tapmaq mümkündür. Emənistan və onun himayədarlarından bəhs edən dövlət başçısı, 44 günlük Vətən müharibəsi zamanı bütün təzyiqlərin öhdəsindən məhz xalqın iradəsi sayəsində gəldiyini bildirib. Dövlət başçısı qeyd edib ki, onlar Azərbaycana öz ərazi btövlüyünü təmin etməyə imkan verməməyə çalışsa da, xalqın iradəsi məkirli qüvvələrə bu istəklərini reallaşdırmağa imkan vermədi:


“Mən bunu dəfələrlə demişəm: ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi bu Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi. Amma nə mən, nə də Azərbaycanda heç kim buna razı olmazdı. Lakin bu, üç aparıcı ölkənin konsolidasiya olunmuş mövqeyi idi, ən azından onların Təhlükəsizlik Şurasının daimi üzvləri, mən bu termindən istifadə edirəm – dünyanın aparıcı dövlətləri olduqlarını nəzərə alsaq, bu mövqeyə müqavimət göstərmək olduqca çətin idi. İkinci Qarabağ müharibəsi başlayanda onların hamısı dərhal dayanmağı tələb edirdi. Bəziləri çox, digərləri az bezdirici şəkildə qorxudur, təhdid edir, zəng edirdilər. Amma hamısı istəyirdi ki, biz dayanaq, hər şeyi olduğu kimi saxlayaq. Bir məqamda bəziləri təklif edirdi: “Yaxşı, Füzuli azad edilib, amma dayanın”. Müxtəlif diplomatik mexanizmlərdən istifadə etməli olduq. Xarici işlər nazirimizi Moskvada, Vaşinqtonda və Avropada çoxsaylı görüşlərə göndərdim. Belə bir məqsəd var idi - Azərbaycanın öz ərazisini bərpa etməsinə imkan verməmək. Lakin bu məqsədə nail olunmadı, çünki xalqın iradəsini qırmaq mümkün deyil. Müstəqillik uğrunda mübarizə aparan, kimliyini qoruyan bir xalqı məğlub etmək, onları məhv etmək, başqalarının iradəsini zorla qəbul etdirmək mümkün deyil. Bu anlayış hələ də hərbi əməliyyatların davam etdirilməsi uğrunda çıxış edənlərə agah olmalıdır”.


Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycan xalqının iradəsinin, bu iradənin yenilməzliyinin hərbi-siyai proseslərə necə həlledici təsir göstərdiyini sübut etmiş oldu. Eyni zamanda, dövlət başçısının məlum çıxışı sübut etdi ki, ən böyük güclər, ən qüdrətli dövlətlər belə xalqın iradəsi qarşısında acizdir.


Seymur ƏLİYEV