İşğal altındakı Krımda hərbi və logistik vəziyyət getdikcə mürəkkəbləşir.
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
Krım uğrunda mübarizə həlledici mərhələyə keçir
Nəşr yazır ki, vaxtilə Kremlin əsas strateji üstünlüyü sayılan yarımada indi Rusiya üçün ən həssas nöqtələrdən birinə çevrilib. Nəşr Ukraynanın son taktikasını, Krımın Putinin siyasi nüfuzu üçün əhəmiyyətini və yarımada uğrunda mübarizənin mümkün nəticələrini təhlil edib. Nəşrin fikrincə, Ukraynanın pilotsuz uçuş aparatlarının yarımadada hərbi, enerji və nəqliyyat infrastrukturuna endirdiyi zərbələr Rusiyanın logistik imkanlarını getdikcə zəiflədir. Məqalədə qeyd olunur ki, bu proses cənub cəbhəsində qüvvələr nisbətinə də təsir göstərir.
Ukrayna Krımı təcrid etməyə çalışır
Nəşrin məlumatına görə, yarımadada elektrik və su təchizatında fasilələr, yanacaq çatışmazlığı və qiymət artımı müşahidə olunur. Turizm mövsümü də ciddi zərər görüb. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər komandanı Robert "Madyar" Brovdi bildirib ki, əsas məqsəd Krım körpüsünü dağıtmaq deyil, təchizat marşrutlarını mərhələli şəkildə iflic edərək Rusiyanın yarımadadakı hərbi qruplaşmasını yanacaq, sursat və texnika təminatından məhrum etməkdir.
Krım Putinin siyasi nüfuzu üçün də həlledici əhəmiyyət daşıyır
"Politico" vurğulayır ki, Krım Vladimir Putinin siyasi nüfuzu və Rusiyanın imperia ambisiyaları üçün xüsusi rəmzi əhəmiyyət daşıyır. Nəşrin qiymətləndirməsinə görə, yarımadanın itirilməsi Kreml üçün təkcə hərbi deyil, həm də ciddi siyasi zərbə ola bilər. Bununla belə, ekspertlər qeyd edirlər ki, Krımın yenidən Ukraynanın nəzarətinə qaytarılması baş versə belə, onun təhlükəsizliyini və təminatını qorumaq Kiyev üçün də mürəkkəb və böyük resurs tələb edən vəzifə olacaq.