Rusiya ilə Çin arasında münasibətlər rəsmi olaraq "strateji tərəfdaşlıq" kimi təqdim olunsa da, Ukraynaya qarşı müharibə iki ölkə arasındakı qüvvələr balansını Pekinin xeyrinə dəyişib. 


Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.






Nəşrin yazdığına görə, Çin təkcə Moskvanın iqtisadi asılılığından yararlanmır, həm də Putindən sonrakı dövr üçün Rusiyada uzunmüddətli mövqelərini möhkəmləndirməyə çalışır.


Çin Rusiyanın əsas tərəfdaşına çevrilir


Nəşr yazır ki, Ukrayna müharibəsi Rusiyanın Çin qarşısındakı asılılığını daha da artırıb. Pekin Rusiyanın enerji resurslarını alır, müdafiə sənayesi üçün vacib komponentlər tədarük edir və Moskvanın sanksiyalar şəraitində maliyyə sistemini dəstəkləyir. Analitiklərin fikrincə, Çin artıq Rusiyanı "kiçik tərəfdaş" kimi görür.


Pekin Putindən sonrakı dövrə hazırlaşır


Nəşrin yazdığına görə, Çin təkcə Vladimir Putinlə deyil, həm də gələcəkdə Rusiyanın siyasi kursuna təsir göstərə biləcək məmurlar və elita nümayəndələri ilə əlaqələrini genişləndirir. Məqalədə bildirilir ki, Moskva Çin casusluğu ilə bağlı halları aşkarlasa da, münasibətləri gərginləşdirməmək üçün bu məsələni açıq şəkildə gündəmə gətirmir.


"Sibirin gücü-2" Pekinin şərtlərindən asılıdır


Nəşrin məlumatına görə, Çin "Sibirin gücü-2" qaz kəmərinin tikintisinə yalnız Rusiyadan qazı daxili bazar qiymətinə ala biləcəyi halda razılıq verməyə hazırdır. Mənbələr bildirirlər ki, Pekin şərtlər qəbul olunmayınca layihənin müzakirəsinin dayandırılmasını istəyib. Analitiklər hesab edirlər ki, Çin Rusiyanın iqtisadi vəziyyətinin daha da zəifləməsini gözləyərək gələcəkdə daha sərfəli şərtlər əldə etməyə çalışır.


Kreml ittihamları rədd edir


Nəşrin qənaətinə görə, müharibə Rusiya ilə Çin arasındakı münasibətlərdə qüvvələr balansını Pekinin xeyrinə dəyişib. Kremlin sözçüsü Dmitri Peskov isə bu iddiaları rədd edərək, Moskva ilə Pekin arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzərində qurulduğunu bildirib.