Redaksiyamıza müraciət edən Bakı sakini Ramazanova Gülnar xaricdə təhsil xidmətləri göstərən şirkətlə bağlı iddialar səsləndirib.


O bildirib ki, xaricdə təhsil almaq məqsədilə “Pilgrim” şirkəti ilə müqavilə bağlayıb, müxtəlif mərhələlərdə ödənişlər edib, lakin sonradan ona vəd edilən xidmətlərin həyata keçirilmədiyini iddia edir.






Ramazanova Gülnarın Moderator.az-a təqdim etdiyi müraciəti olduğu kimi təqdim edirik:


Moderator.az İnformasiya Agentliyinin redaksiyasına

Bakı şəhəri, Yasamal rayonu,

Qədirli küçəsi, ev 52 ünvanında yaşayan

Ramazanova Gülnar tərəfindən

Tel: 077-304-62-34

ƏRİZƏ

Mən, Ramazanova Gülnar, bildirirəm ki, 2023-cü ilin mart ayında Space TV kanalında təhsil eksperti kimi çıxış edən Aisa Aslanovanın (050 426 66 11) müsahibəsini izlədim. Müsahibədən sonra əlaqə nömrəsini əldə edərək onunla əlaqə saxladım. Mənə İçərişəhərdə yerləşən, sonralar ünvanı dəfələrlə dəyişən “Pilgrim xaricdə təhsil şirkəti”nin ofislərində görüş təyin olundu.

Görüş zamanı xaricdə təhsil xidmətləri barədə əməkdaş Leyla Mustafayeva tərəfindən məlumat verildi və bayram münasibətilə endirim kampaniyasının olduğu bildirildi. Təxminən iki gün sonra mənimlə yenidən əlaqə saxlayaraq onlara etibar edə biləcəyimi, xaricdə təhsillə bağlı bütün prosesləri özlərinin həyata keçirəcəyini bildirdilər və məni yenidən ofisə dəvət etdilər.


Razılaşmaya əsasən, ümumi məbləği 1800 manat olan müqavilə bağlandı. Müqavilə üzrə ödənişləri hissə-hissə həyata keçirdim: nağd ödəməklə əvvəlcə 200 manat, daha sonra 600 manat, 600 manat və 400 manat olmaqla ümumilikdə 1800 manatı Ləman adlı qıza ödədim. Ödənişlər müqabilində mənə heç bir rəsmi maliyyə sənədi verilmədi.

Müqavilə bağlanan zaman mən hələ universitetin 4-cü kurs tələbəsi olduğumu və ingilis dili sertifikatımın olmadığını bildirdim. Mənə sertifikat əldə edənədək gözləyəcəklərini, müraciət prosesinə indidən başlamağın məqsədəuyğun olduğunu və bunun mənim üçün universitetlərdə yer rezervasiyası etməyə imkan verəcəyini dedilər.


Sonradan mənə müraciət ediləcəyi bildirilən universitetlərin siyahısı göndərildi. Lakin 2024-cü il ərzində ingilis dili sertifikatım olmadığı üçün heç bir universitetə müraciət edilmədi. 2025-ci ilin may ayında ingilis dili sertifikatı əldə etdikdən sonra onu həmin şirkətə təqdim etdim. Buna baxmayaraq, mənə əvvəlcədən göndərilmiş universitetlərin heç birindən şirkətin verdiyi məlumata görə qəbul alınmadı. Daha sonra isə həmin universitetlərə ümumiyyətlə müraciət edilmədiyini özüm öyrəndim.


Əlavə olaraq bildirirəm ki, müqavilə bağlanan zaman şirkət nümayəndələri ofis ünvanının dəyişdirilməsi prosesində olduqlarını qeyd etmiş və bu səbəbdən müqavilənin elektron nüsxəsinin sonradan mənə göndəriləcəyini vəd etmişlər. Lakin dəfələrlə müraciət etməyimə baxmayaraq, müqavilənin elektron və ya kağız daşıyıcıda hər hansı nüsxəsi mənə təqdim edilməmişdir.


Müqavilənin bağlanmasından sonrakı dövrdə keçirilən görüşlər Bakı şəhəri, 31 Şah İsmayıl Xətai prospektində yerləşən Luxen Plaza biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən ofisdə aparılmışdır. Mən bütün müraciətlərimi və görüşlərimi şirkətin həmin ünvanda fəaliyyət göstərən nümayəndələri ilə həyata keçirmişəm.

Qeyd olunan ünvanda keçirilən görüşlər zamanı mənə qəbul, universitet ödənişi, sponsor və viza prosesi ilə bağlı müxtəlif vədlər verilmiş, universitet üçün yeni ödənişlər etməyə və prosesin uğurla davam etdiyinə inanmağa sövq edilmişəm.


2025-ci ilin avqust ayında mənə BSBI adlı universitetin internet səhifəsinin keçidi göndərildi və bu universitetin onların tərəfdaş universiteti olduğu bildirildi. Həmin universitetə qəbul almağımın mümkün olduğu və heç bir problem yaranmayacağı xüsusi olaraq vurğulandı. Universitetə müraciət üçün məndən əlavə 200 manat ödəniş tələb olundu və qəbulun təmin ediləcəyi barədə mənə qəti vədlər verildi.

Müqavilə bağlanan zaman Almaniya vizasının tələblərinə tam uyğun gəlmədiyimi və sponsor məsələsində çətinlik yaşaya biləcəyimi şirkət nümayəndələrinin diqqətinə çatdırmışdım. Lakin onlar məni inandıraraq bildirdilər ki, əsas məsələ universitetə qəbul almaqdır, sponsor məsələsini isə özləri təşkil edəcəklər və bu istiqamətdə heç bir problem yaranmayacaq.


2025-ci ilin avqust ayında şirkətin əməkdaşı Leyla Mustafayeva (077 587 66 57) mənimlə əlaqə saxlayaraq BSBI universitetindən şərti qəbul aldığımı bildirdi və bunu sevindirici xəbər kimi təqdim etdi. 22 sentyabr 2025-ci il tarixində gecə saatlarında Leyla Mustafayeva (077 587 66 57) mənə zəng edərək universitetə təcili şəkildə ödəniş edilməli olduğunu, əks halda qəbulun ləğv ediləcəyini bildirdi. Həmin gün axşam saat 22:00 radələrində pulun taksi vasitəsilə göndərilməsi barədə mənə SMS (yazışmalar məndə saxlanılır) də yazıldı. Mən bunun mümkün olmadığını, ödənişi yalnız rəsmi qaydada ofisdə və ya bank vasitəsilə həyata keçirə biləcəyimi bildirdim.


Növbəti gün səhər saatlarında mənimlə dəfələrlə əlaqə saxlanıldı və təcili şəkildə ödəniş etməyim üçün mənə ciddi psixoloji təzyiq göstərildi. Həmin gün Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Kapital Bank filialında olan PaşaPay sistemi vasitəsilə ümumilikdə 7.250 (yeddi min iki yüz əlli) manat məbləğində vəsaiti Leyla Mustafayevanın şəxsi bank hesabına köçürdüm.


Mənə bildirildi ki, həmin vəsait universitetə ödəniş üçün nəzərdə tutulub və universitet hesabına köçürüləcəkdir. Sonrakı dövrdə dəfələrlə həmin ödənişin universitetə göndərilməsini təsdiq edən qəbz və ya bank sənədini tələb etsəm də, mənə heç bir rəsmi sənəd təqdim edilmədi. Bu hal məndə ciddi şübhələr yaratdı. Lakin şirkət nümayəndələri məni sakitləşdirərək prosedurun normal qaydada davam etdiyini, bir neçə gün ərzində ödəniş sənədinin təqdim olunacağını bildirdilər. Buna baxmayaraq, müxtəlif bəhanələrlə bu günə qədər mənə hər hansı ödəniş qəbzi və ya təsdiqedici sənəd təqdim edilməmişdir.


Daha sonra viza prosesi başladıqda, əvvəllər sponsor məsələsinin tam həll ediləcəyi barədə verilən vədlərin həqiqəti əks etdirmədiyi məlum oldu. Mənə sponsor kimi təqdim olunan bir neçə şəxsin şəkilləri və telefon nömrələri göndərilsə də, sonradan həmin şəxslərin sponsor qismində çıxış edə bilməyəcəyi aydın oldu.


Bu məsələ ilə bağlı Leyla Mustafayeva (077 587 66 57) ilə bir neçə dəfə danışmışam. Hər dəfə mənə narahat olmamağım, sadəcə gözləməyim və prosesin nəzarət altında olduğu bildirilib. 2026-cı ilin mart ayında isə mənə sponsor daxil olmaqla bütün sənədlərin hazırlandığı, Almaniya səfirliyinin sisteminə yükləndiyi və artıq viza müsahibəsinə hazırlaşmalı olduğum barədə məlumat verilmişdir. Bundan sonra təxminən iki ay ərzində şirkət nümayəndələri mənimlə yazışmalarında və telefon danışıqlarında hər şeyin qaydasında getdiyini, yaxın zamanda Almaniyaya yola düşməyə hazırlaşmalı olduğumu bildirirdilər. Mənə bütün prosesin uğurla davam etdiyi və narahatlıq üçün heç bir əsas olmadığı dəfələrlə qeyd olunmuşdur.


Lakin 2026-cı ilin may ayında eyni dövrdə viza müraciəti etmiş digər şəxslərə Almaniya səfirliyindən cavablar gəldiyini gördükdən sonra məndə ciddi narahatlıq yarandı. Bu səbəbdən Almaniya səfirliyi ilə birbaşa əlaqə saxladım və pasport məlumatlarımı təqdim edərək müraciətimin vəziyyəti barədə məlumat almaq istədim. Həmin zaman mənə bildirildi ki, mənim adıma və pasport məlumatlarıma uyğun heç bir müraciət qeydə alınmayıb.


Bu məlumatı əldə etdikdən dərhal sonra şirkətin ofisinə gedərək etirazımı bildirdim. Onlara artıq bu proseslə davam etmək istəmədiyimi, ödəmiş olduğum vəsaitin geri qaytarılmasını tələb etdiyimi və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyimi bildirdim.

Şirkət çoxsaylı nümayəndələri mənə universitetə vəsaitin geri qaytarılması üçün müraciət ediləcəyini və ən geci bir ay ərzində pulumun geri ödənəcəyini vəd etdilər. Lakin bir aydan artıq müddət keçməsinə baxmayaraq, vəsait mənə qaytarılmamışdır.


Bu müddət ərzində dəfələrlə şirkətin ofisinə müraciət etmişəm. Hər dəfə mənə rəhbərliyin və əməkdaşların ofisdə olmadığı bildirilmişdir. Hətta hallardan birində resepsiyonist tərəfindən ofisi tərk etməyim tələb olunmuşdur. Telefon zənglərimə və mesajlarıma cavab verilməmişdir.

Sonuncu dəfə 16.06.2026 tarixdə ofisə getdiyim zaman Leyla Mustafayeva (077 587 66 57) ilə görüşərək vəsaitimin dərhal geri qaytarılmasını tələb etdim. Həmin vaxt ofisdə olan iki kişi əməkdaş tərəfindən, Zaur və Elmar kobud şəkildə ofisdən uzaqlaşdırıldım. Onlar mənə sərt şəkildə bildiriblər ki, şirkəti narahat etməməliyəm, universitet vəsaiti nə vaxt geri qaytararsa, həmin vaxt mənimlə özləri əlaqə saxlayacaqlar. Eyni zamanda bir daha ofisə gəlməməyim və onları narahat etməməyim tələb olunmuşdur.

Həmin hadisədən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, mənimlə heç kim əlaqə saxlamamışdır. Şirkətin əməkdaşlarına məxsus telefon nömrələrinə zəng çatmır və ya zənglərim cavabsız qalır.


Bundan əlavə bildirirəm ki, "102" Xidməti-Zəng Mərkəzinə də müraciət etmişəm. Müraciətim əsasında rəsmi qaydada ərizə ilə çıxış etmişəm.


Qeyd etmək istəyirəm ki, bu hadisə nəticəsində mən ciddi şəkildə aldadılmış və külli miqdarda ümumilikdə 9.450 (doqquz min dörd yüz əlli) manat maddi ziyana məruz qalmışam.

Araşdırmalarım və əldə etdiyim məlumatlar əsasında məlum olmuşdur ki, təkcə mən deyil, “Pilgrim” adı ilə fəaliyyət göstərən şirkətin rəhbəri Aisa Aslanova (050 426 66 11) və əməkdaşı Leyla Mustafayevanın (077 587 66 57) fəaliyyəti nəticəsində çoxsaylı digər vətəndaşlar da oxşar hallarla üzləşmişlər. Mənə məlum olan məlumata görə, zərərçəkənlərin sayı 30 nəfərdən artıqdır.


Tərəfimizdən aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, hazırda “Pilgrim” adı altında fəaliyyət göstərən şəxslər 2022-ci ilədək “Careed Guide” adı ilə fəaliyyət göstərmiş, həmin dövrdə də çoxsaylı vətəndaşlardan müxtəlif vədlərlə pul vəsaitləri toplamış, öhdəliklərini yerinə yetirmədiklərinə görə çoxsaylı şikayətlərlə üzləşmişlər. Toplanmış məlumatlara əsasən, həmin fəaliyyət dayandırıldıqdan sonra zərərçəkmiş şəxslərin əksəriyyətinə ödənilmiş vəsaitlər geri qaytarılmamışdır.


Bundan sonra eyni şəxslər məsuliyyətdən yayınmaq məqsədilə yeni hüquqi şəxs və yeni VÖEN altında “Pilgrim” adı ilə fəaliyyətlərini davam etdirmiş, hazırda isə çoxsaylı şikayətlərə, aparılan araşdırmalara və zərərçəkmişlərin sayının artmasına baxmayaraq, “Go2Work” adlı növbəti şirkət yaradaraq yenidən fərqli VÖEN vasitəsilə fəaliyyət göstərməyə başlamışlar. Araşdırmalarımız göstərir ki, hər üç şirkətin faktiki idarəediciləri və əməkdaşları eyni şəxslərdir.


Bu ardıcıllıq təsadüfi xarakter daşımır. Eyni şəxslərin ardıcıl olaraq müxtəlif hüquqi şəxslər yaratması, əvvəlki şirkətlər barəsində çoxsaylı şikayətlərdən sonra fəaliyyətlərini dayandıraraq yeni ad və yeni VÖEN altında yenidən fəaliyyətə başlaması, eyni fəaliyyət üsulunu davam etdirməsi onların mümkün hüquqi məsuliyyətdən yayınmaq məqsədi güddüyünə dair əsaslı şübhələr yaradır. Hesab edirəm ki, qeyd olunan hallar ayrı-ayrı epizodlar kimi deyil, eyni şəxslər tərəfindən uzun müddət ərzində sistemli və təşkilatlanmış şəkildə həyata keçirilmiş fəaliyyət kimi araşdırılmalıdır.


Bu səbəbdən “Careed Guide”, “Pilgrim” və “Go2Work” adlı hüquqi şəxslərin, onların təsisçilərinin, faktiki rəhbərlərinin, əməkdaşlarının, maliyyə dövriyyələrinin və qarşılıqlı əlaqələrinin vahid icraat çərçivəsində hərtərəfli araşdırılmasını, zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsini, mənə veriləcək 9450 AZN pulun qaytarılmasına kömək edilməsini xahiş edirəm.


Eyni zamanda, gələcəkdə digər vətəndaşların da oxşar şəkildə zərər çəkməsinin qarşısının alınması məqsədilə məsələnin ictimaiyyətə çatdırılmasını, zəruri hesab edildiyi təqdirdə aidiyyəti dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin diqqətinə təqdim edilməsini xahiş edirəm.

Məqsədim hər hansı şəxsi nüfuzdan salmaq deyil, baş vermiş hadisənin obyektiv araşdırılmasına nail olmaq, vurulmuş maddi ziyanın ödənilməsini təmin etmək və digər vətəndaşların da eyni üsulla zərər çəkməsinin qarşısını almaqdır" 


Qeyd edək ki, ərizədə adı çəkilən təhsil şirkətinin də mövqeyini işıqlandırmağa hazırıq.


İmza: G. Ramazanova

Tarix: 14 iyul 2026