ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları gözlənilən nəticəni verməyib. Müharibədən sonra Tehran zəifləmək əvəzinə həm hərbi-siyasi, həm də diplomatik baxımdan mövqelərini gücləndirib və regionda təsir imkanlarını artırıb.


Moderator.az xəbər verir ki, bu barədə İranın "Resalat" nəşri yazıb.






Hörmüz boğazı Tehranın əsas rıçaqlarından birinə çevrilib


Nəşrin fikrincə, Hörmüz boğazı ətrafında yaranmış vəziyyət İranın geosiyasi əhəmiyyətini daha da artırıb. Məqalədə qeyd olunur ki, Omanın gəmiçilik təhlükəsizliyi ilə bağlı təklifləri və müharibədən sonrakı razılaşmalarda təhlükəsiz keçidlə bağlı müddəalar əvvəlki vəziyyətə tam qayıdışın mümkün olmadığını göstərir. Müəllif hesab edir ki, Tehran gələcəkdə təhlükəsizlik xidmətləri və boğazın idarə olunması sahəsində yeni iqtisadi imkanlar əldə edə bilər.


ABŞ danışıqlara məcbur olur


"Resalat" yazır ki, Vaşinqton bir tərəfdən İrana qarşı sanksiyaları davam etdirsə də, digər tərəfdən dolayı danışıqlar vasitəsilə Tehranla razılıq əldə etməyə çalışır. Məqalədə bildirilir ki, İranın dondurulmuş aktivlərinin açılması ilə bağlı müzakirələr ABŞ-nin Tehranın iqtisadi tələblərini nəzərə almağa məcbur qaldığını göstərir.


İranın regiondakı mövqeyi güclənir


Nəşrdə Misirin Livanda "Hizbullah"la qarşıdurmadan çəkinməyə çağırışı da Tehranın xeyrinə dəyişən regional balansın nümunəsi kimi təqdim olunur. Məqalənin müəllifi hesab edir ki, hazırkı vəziyyətdə İran Hörmüz boğazındakı geosiyasi mövqeyi, ABŞ ilə aparılan danışıqlardakı imkanları və regiondakı müttəfiqləri sayəsində Qərbi Asiyanın təhlükəsizlik sistemində əsas oyunçulardan biri olaraq qalır.