ABŞ Senatında mərhum respublikaçı senator Lindsi Qremin üzərində işlədiyi Rusiyaya qarşı yeni sanksiyalar paketi yenidən gündəmə gətirilib. Sənəd həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənir və qəbul ediləcəyi təqdirdə Moskvanın enerji ixracına ciddi zərbə vurmağı hədəfləyir.


Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.






Rusiya neftinin əsas alıcıları hədəfə alınır


Qanun layihəsinə əsasən, ABŞ prezidenti Rusiya nefti, qazı, uranı və digər enerji məhsullarını alan ölkələrə qarşı 100 faizə qədər rüsum tətbiq edə biləcək. Əsas hədəfin Çin və Hindistan kimi Rusiya enerji daşıyıcılarının ən iri idxalçıları olacağı bildirilir.


Sənədin əvvəlki variantında 500 faizlik rüsum nəzərdə tutulsa da, Ağ Evlə aparılan danışıqlardan sonra kompromis əldə olunub və bu rəqəm 100 faizə endirilib. Layihədə həmçinin Rusiyanın müdafiə, enerji və maliyyə sektoruna, eləcə də sanksiyalardan yayınmaq üçün istifadə olunduğu iddia edilən "kölgə donanması"na qarşı əlavə məhdudiyyətlər də yer alır.


Trampa geniş səlahiyyət verilir


Nəşrin yazdığına görə, qanun layihəsi qəbul olunarsa, ABŞ Konqresi ilk dəfə olaraq gömrük rüsumlarından geosiyasi təzyiq aləti kimi istifadəyə hüquqi əsas yaratmış olacaq. Bununla yanaşı, rüsumların tətbiqi və istisnaların verilməsi ilə bağlı əsas qərar səlahiyyəti ABŞ prezidentinə məxsus olacaq.


Bəzi ekspertlər hesab edirlər ki, ikinci dərəcəli sanksiyalar rüsumlardan daha effektiv olardı. Digərləri isə yeni mexanizmin Trampa təkcə Rusiyaya deyil, digər ölkələrlə ticarət münasibətlərində də əlavə imkanlar verəcəyini düşünür.


"Bunu müzakirə edirik"


ABŞ prezidenti Donald Tramp qanun layihəsini imzalaya biləcəyini istisna etməyib. O bildirib ki, bu təşəbbüs mərhum senator Lindsi Qremin ən çox arzuladığı məsələlərdən biri idi və hazırda Ağ Evdə ciddi şəkildə müzakirə olunur.


Tramp əlavə edib ki, qanun layihəsinə İran və "Hizbullah"a qarşı yeni sanksiyalar da daxil edilə bilər. O, həmçinin Lindsi Qremin ölümünü şərh edərək, hadisə ilə bağlı müxtəlif sui-qəsd nəzəriyyələrinə inanmadığını bildirib.


Qeyd edək ki, Lindsi Qrem Rusiyaya qarşı sərt sanksiyaların və Ukraynaya hərbi dəstəyin ən fəal tərəfdarlarından biri idi. Senat rəhbərliyi hazırda qanun layihəsinin qısa müddətdə səsverməyə çıxarılması üzərində işləyir.