Dünən saytımızda dərc olunan xəbərdə xaricdə təhsil vədi ilə 9 min 450 manat zərər çəkdiyini iddia edən vətəndaşın şikayətini dərc etmişdik. Həmin yazıda səsləndirilən iddialarla bağlı adıçəkilən təhsil şirkəti redaksiyamızla əlaqə saxlayaraq öz mövqeyini təqdim edib. Şirkət vətəndaşın irəli sürdüyü iddialarla razılaşmadığını bildirir və baş verən hadisəyə dair öz izahını təqdim edir. Moderator.az jurnalistikanın obyektivlik prinsipini rəhbər tutaraq qarşı tərəfin mövqeyini də olduğu kimi oxucuların diqqətinə çatdırır:


Mən, Leyla Mustafayeva, Pilgrim Education şirkətinin nümayəndəsi olaraq bildirirəm ki, Gülnar Ramazanova ilə təhsil xidmətlərinin göstərilməsi məqsədilə 2024-cü ildə rəsmi müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq müştərinin xarici universitetə qəbul və təhsil prosesinin təşkili üzrə bütün zəruri xidmətlərin göstərilməsi öhdəliyi tərəfimizdən icra edilmişdir. Müştərinin müraciət prosesi çərçivəsində tələb olunan sənədlər tam şəkildə hazırlanmışdır. Bunlara motivasiya məktubu (Motivation Letter), tərcümeyi-hal (CV), tövsiyə məktubu (Recommendation Letter), universitet seçimləri üzrə araşdırmalar, müraciət formalarının doldurulması və digər akademik sənədlər daxildir. Müştəri üçün müxtəlif ölkə və universitetlər üzrə alternativ proqramlar hazırlanmış, təhsil haqqıları, qəbul şərtləri və müraciət tarixləri barədə məlumatlar təqdim edilmişdir.






Lakin müraciətin vacib şərtlərindən biri olan dil biliyini təsdiq edən beynəlxalq sertifikat müştəri tərəfindən vaxtında təqdim edilməmişdir. Bu səbəbdən müraciət prosesinin davam etdirilməsi mümkün olmamış və proses 2025-ci ilə qədər gözləmə vəziyyətində saxlanılmışdır. Gecikmə şirkətin fəaliyyəti və ya təqdim etdiyi xidmətlərlə deyil, qəbul üçün tələb olunan sənədin müştəri tərəfindən vaxtında təqdim edilməməsi ilə əlaqədar olmuşdur. Müştəri tərəfindən tələb olunan sənədlər sonradan tamamlandıqdan sonra müraciət prosesi yenidən aktivləşdirilmiş, universitetlə yazışmalar aparılmış və qəbul prosedurları davam etdirilmişdir. Nəticədə Gülnar Ramazanova 28 avqust 2025-ci il tarixində Berlin School of Business and Innovation (BSBI) ali təhsil müəssisəsindən rəsmi şərti qəbul məktubu əldə etmişdir. Həmin qəbul məktubuna əsasən universitet tərəfindən tələbəyə ümumilikdə 3.312,50 avro məbləğində təhsil endirimi təqdim edilmişdir.


Qəbulun əldə olunması Pilgrim Education tərəfindən göstərilən xidmətlərin nəticəsi olaraq baş vermiş və müqavilə üzrə əsas öhdəliklər yerinə yetirilmişdir. Universitet tərəfindən verilmiş qəbul məktubu, müraciət sənədləri, yazışmalar və digər sübutedici materiallar bunu təsdiq edir. Bundan əlavə, universitetə ödənilmiş təhsil haqqı birbaşa universitet hesabına köçürülmüşdür. Həmin vəsait Pilgrim Education şirkətinin hesabına daxil olmamış, universitetin rəsmi prosedurlarına uyğun şəkildə təhsil müəssisəsinə yönləndirilmişdir. Ödəniş müştərinin elektron poçt ünvanı ilə əlaqələndirilmiş şəkildə universitet sistemində qeydiyyata alınmışdır.


Sonradan müştəri şəxsi səbəblərlə təhsilini davam etdirmək istəmədiyini bildirmiş və ödənilmiş vəsaitin geri qaytarılması məsələsini qaldırmışdır. Bununla bağlı Pilgrim Education tərəfindən universitetə rəsmi qaydada refund (geri ödəniş) müraciəti hazırlanaraq təqdim edilmişdir. Hazırda vəsaitin geri qaytarılması prosesi universitet tərəfindən icra olunur və bu proses Pilgrim Education şirkətindən deyil, birbaşa universitetin daxili maliyyə və refund qaydalarından asılıdır. Qeyd etmək istəyirəm ki, şirkət tərəfindən üzərinə düşən bütün öhdəliklər vicdanla və tam şəkildə yerinə yetirilmişdir. Müştərinin qəbul əldə etməsi, endirim qazanması, sənədlərinin hazırlanması və refund prosesinin başladılması bunu açıq şəkildə sübut edir. Hazırda refund prosesinin yekunlaşması gözlənilir və vəsait universitet tərəfindən təsdiq edilmiş qaydada müştəriyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirəm ki, Pilgrim Education tərəfindən müqavilə üzrə xidmətlər tam həcmdə göstərilmiş, müştərinin müraciət prosesi uğurla həyata keçirilmiş və şirkət tərəfindən hər hansı qanun pozuntusuna və ya öhdəliklərin yerinə yetirilməməsinə yol verilməmişdir.