Azərbaycan vətəndaşlarının olduğu mülki ticarət gəmisinin dron hücumuna məruz qalması Qara dənizdə təhlükəsizlik risklərini yenidən gündəmə gətirib. Hadisə münaqişə zonasına yaxın sularda mülki gəmiçiliyin təhlükəsizliyi və üçüncü ölkə vətəndaşlarının müdafiəsi ilə bağlı narahatlıqları artırıb. Bəs baş verən bu insident geosiyasi baxımdan hansı mesajları verir və regional təhlükəsizlik mühitinə necə təsir göstərə bilər?


Mövzu ilə bağlı Moderator.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlama verib. 






Siyasi şərhçi bildirib ki, əlbəttə, bu Azərbaycan üçün arzuolunmaz mənzərə olmaqla yanaşı, dünya üçün təhlükəsizlik problemi deməkdir. Mülki ticarət gəmilərinin hədəf alınması mənfi presedent yaradır: 


“Rusiya-Ukrayna savaşının getdikcə fərqli və daha təhlükəli xarakter alması geosiyasi təhlükəsizlik probleminin miqyasını artırır. Ukraynanın fərqli taktika seçməsi, assimmetrik savaşa üstünlük verməsi müşahidə olunur. Tərəflər tükəndirmə stratyegiyasını davam etdirilər. Son zamanlar mütəmadi olaraq ticarət gəmilərinin də hədəf alındığı müşhaidə olunur. Bilirsiniz ki, Türkiyəyə məxsus gəmilər də dəfələrlə hədəf alınıb və Ankara buna sərt etirazını bildirib. Eyni zamanda Azərbaycan gəmilərinin də tez tez hədəf alındığını müşahidə edirik. Bu isə o deməkdir ki, heç bir ölkə təhlükədən sığortalanmayıb və hər an daha ciddi təhdidlə üz-üzə qala bilər. 


Beynəlxalq hüququn tam iflası və buna daha çox beynəlxalq hüququn qarantı olan böyük dövlətlərin rəvac verməsi təhlükənin miqyasının göstəricisidir. Bu tendensiya yaxın perspektivdə məhdudlaşdırılmasa daha təhlükəli və xaotik proseslərin əsasını qoya bilər. Bu isə bütün dünya, o cümlədən müharibə aparan ölkələr üçün də daha ciddi risklər yaradır”.


Pərvin Şakirqızı