ABŞ Dövlət Departamentinin dəstəyi ilə Zəngəzur dəhlizi istiqamətində həyata keçirilməsi planlaşdırılan tikinti işləri üçün yaradılan "Tripp+ Enterprise Fund" fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolovun rəhbər təyin olunması regionda maraqla qarşılanıb. Maraqlıdır, bu təyinat regionda formalaşan yeni geosiyasi konfiqurasiya baxımından hansı mesajları verir və Azərbaycanın maraqları, Zəngəzur dəhlizinin gələcək perspektivləri, eləcə də regional güc balansı baxımından hansı siyasi və iqtisadi nəticələrə səbəb ola bilər?


Mövzu ilə bağlı Moderator.az-a politoloq Tural İsmayılov açıqlama verib. 







Tural İsmayılov bildirib ki, ABŞ Dövlət Departamentinin dəstəyi ilə Zəngəzur dəhlizi və Mərkəzi Asiya marşrutlarının inkişafı üçün yaradılan TRIPP+ fonduna Konstantin Sokolovun rəhbər təyin edilməsi regionda geosiyasi gərginliyin azaldılması və iqtisadi tərəqqinin ön plana çıxması baxımından olduqca konstruktiv bir addımdır:


"Bu qərar Cənubi Qafqazın qarşıdurma poliqonundan praqmatik və qarşılıqlı faydalı tərəfdaşlıq məkanına çevrilməsinə xidmət edir. Sokolovun həm Rusiya mənşəli olması, həm də Ermənistan iqtisadiyyatında böyük investisiya payına sahib bir amerikalı investor kimi tanınması onu regional güclər üçün ideal bir "körpü" fiquruna çevirir. Onun bu statusu Zəngəzur dəhlizinin açılması prosesində Rusiya və Qərb arasındakı ziddiyyətləri təbii şəkildə yumşaltmağa kömək edir. 


Belə bir neytral və çoxşaxəli keçmişə sahib idarəçinin seçilməsi layihəyə siyasi rəqabəti kənara qoyan, tamamilə biznes və kommersiya yönümlü yeni bir nəfəs  gətirir. Azərbaycan üçün bu inkişaf Zəngəzur dəhlizinin qısa zamanda və beynəlxalq maliyyə təminatı ilə reallaşması istiqamətində mühüm bir fürsətdir. Vaşinqtonun bu layihəni rəsmi səviyyədə və böyük büdcə ilə dəstəkləməsi, dəhlizin inşasını sürətləndirməklə yanaşı, İrəvanın da prosesə tam inteqrasiya olunmasını təşviq edir.


 Bu investisiyalar Bakının uzun illərdir uğurla apardığı "Orta Dəhliz" strategiyasını daha da gücləndirir və Azərbaycanın Şərq-Qərb tranzit zəncirində əsas qovşaq kimi beynəlxalq nüfuzunu möhkəmləndirir.


Nəticə etibarilə, TRIPP+ fondunun fəaliyyəti Zəngəzur dəhlizini regional bir layihədən qlobal ticarətin mühüm və etibarlı bir halqasına çevirir. Bölgəyə böyük maliyyə resurslarının cəlb edilməsi və prosesə praqmatik idarəçilərin rəhbərlik etməsi Cənubi Qafqazda uzunmüddətli sülhün, dayanıqlı sabitliyin və hərtərəfli iqtisadi tərəqqinin əsasını qoyur".


Pərvin Şakirqızı