Ukrayna Baş Prokurorluğu Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğala başlamasından bəri yüzlərlə ukraynalı hərbi əsirin edam edildiyini bildirir.
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
Faktların sayı durmadan artır
Məlumatda deyilir ki, Kiyev bunu təsadüfi hallar deyil, Moskvanın məqsədyönlü siyasətinin nəticəsi hesab edir. Rusiya isə bu ittihamları rədd edir. BMT-nin ötən ay dərc etdiyi hesabatda 129 ukraynalı hərbi əsirin edam olunması təsdiqlənib. Ukrayna Baş Prokurorluğunun məlumatına görə isə indiyədək 306 hərbçinin ölümü ilə bağlı 116 cinayət işi açılıb.
Ukrayna kəşfiyyatı isə 2022-ci ildən bəri 340-dan çox hadisə nəticəsində 900-dən artıq hərbçinin öldürüldüyünü bildirir və qeyd edir ki, bu, real rəqəmin yalnız bir hissəsi ola bilər. Ukrayna rəsmiləri iddia edirlər ki, 2023-cü ildən etibarən belə hadisələrin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Avdeyevkada əsir düşən hərbçinin faciəsi
Məqalədə 25 yaşlı ukraynalı hərbçi Andrey Dubnitskinin hekayəsinə də yer verilir. O, 2024-cü ilin fevralında Avdeyevkadan geri çəkilmə zamanı yaralanaraq bir neçə silahdaşı ilə birlikdə mövqedə qalıb və son zəngində həyat yoldaşına əsir düşə biləcəklərini deyib.
Bir neçə gün sonra həyat yoldaşı sosial şəbəkələrdə yayılan videoda qan içində uzanan hərbçilər arasında ərinin cəsədini tanıdığını bildirib. Ukrayna prokurorluğu həmin hadisə ilə bağlı silahsız hərbi əsirlərin güllələnməsi maddəsi üzrə istintaq aparır.
İstintaq çətinliklərlə üzləşir
Məqalədə qeyd olunur ki, Cenevrə Konvensiyalarına əsasən təslim olan hərbçilər hərbi əsir statusu alır və beynəlxalq hüquqla qorunur. Ukrayna tərəfi bildirir ki, əksər hallarda əsirlər güllələnib, bəzi hallarda isə daha ağır zorakılıq faktları qeydə alınıb.
İndiyədək Ukraynada bu cinayətlərə görə cəmi beş Rusiya hərbçisi məhkum edilib, onlardan ikisi qiyabi şəkildə. Prokurorluq döyüş bölgələrinə çıxışın olmaması səbəbindən istintaqın son dərəcə çətin aparıldığını vurğulayır. Rusiya hakimiyyəti isə hərbi cinayətlər törətməsi ilə bağlı bütün ittihamları rədd edir.