13-14 iyul 2026-cı il tarixində Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu bütün dünyada böyük maraqla qarşılanmaqdadır. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın xarici siyasət kursu ilə bağlı bir sıra vacib mesajlar verdi ki, bunlardan biri ölkəmizin hər zamankı kimi bundan sonra da əzilən xalqların yanında yer alacağı ilə bağlıdır. Dövlət başçısı Fransa əsarətindən əziyyət çəkən, öz tarxi torpaqlarında ləyaqətlə yaşamaq istəyən dənişaşırı xalqların azadlıq, müstəqillik hüququnun tanınmasının vacib olduğunu bildirib:
“Uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri təzyiqlərə məruz qalıblar. Orada müxtəlif qanunsuz əməllər törədilib, o cümlədən nüvə sınaqları keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu, tamamilə ədalətsizdir. Hesab edirəm ki, müstəqil medianın rolu çox böyük əhəmiyyət daşıyır.
... Bilirsiniz, bu məsələlərə bu qədər həssas yanaşmağımızın səbəblərindən biri də odur ki, biz özümüz müstəmləkə şəraitində yaşamışıq. Biz XIX əsrdə müstəmləkəyə çevrildik və müstəmləkə kimi yaşadıq. Daha sonra Sovet İttifaqı yaradıldıqda isə biz müstəqil deyildik, Sovet İttifaqının tərkibində idik. Respublika idik? Bəli, amma heç bir real hüquqa malik olmayan bir respublika. Müstəmləkə kimi yaşamağın nə demək olduğunu da, azad olmağın nə demək olduğunu da tarixi yaddaşımızdan yaxşı bilirik.
…Məhz buna görə biz Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin müstəqilliyini, azadlığını dəstəkləyirik. Bir daha qeyd etmək istəyirəm ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur”.
Göründüyü kimi, Azərbayanın dövlətçilik tarixinə nəzər salan ölkə başçısı, Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin müstəqillik hüququnun tanılnmasının vacibliyini vurğulayıb. Dövlət başçısı haqlı olaraq qeyd edib ki, müstəmləkə şəaitində yaşayan, başqası tərəfindən idarə olunan heç bir xalq sözün həqiqi mənasında azad və xoşbəxt ola bilməz.
Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə diqqət çəkən Prezident İlham Əliyev insan hüquqlarının ümumbəşəri bir məsələ olduğunu, bu səbəbdən də məlum problemlərlə bağlı müzakirələrin hər kəs tərəfindən müzakirə oluna biləcəyini qeyd edib.
Ümumiyyətlə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı sübut etdi ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də əzilən, hüquqları tapdanan məzlum xalqların yanındadır və onların hüquqları uğrundakı mübarizəni bundan sonra da davam etdirəcək. Bu yanaşma Azərbaycanın insan hüquqlarına nə qədər böyük önəm verdiyini, əzilən xalqların mübarizəsinə necə böyük töhfə verdiyini göstərir.Bu mənada, əminliklə demək olar ki, IV Şuşa Qlobal Media Forumu əzilən xalqların hüquqlarının bərpası istiqamətində də ciddi yeniliklər üçün zəmin yaradacaq, bu sahədə mühüm dəyişikliklərə səbəb olacaq.
Seymur ƏLİYEV