Bu gün dünya çempionatının yarımfinalında üz-üzə gələcək İngiltərə və Argentina yığmaları təkcə final uğrunda deyil, həm də futbol tarixinin ən prinsipial rəqabətlərindən birində qələbə uğrunda mübarizə aparacaq.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Mütəxəssislərin fikrincə, bu qarşılaşma İngiltərə üçün 1966-cı ildə qazandığı dünya çempionatından bəri ən mühüm oyun hesab olunur. İngiltərə yığması həmin uğurdan sonra yalnız 1990 və 2018-ci illərdə yarımfinala yüksəlib, lakin hər iki dəfə finala çıxa bilməyib. Baş məşqçi Tomas Tuxelin rəhbərlik etdiyi komandanın bu uğursuz seriyanı qırmaq şansı yüksək qiymətləndirilir. Tuxel də etiraf edib ki, İngiltərə ilə Argentina arasındakı tarixi rəqabət bu oyuna xüsusi emosional çalar qatır.
Tarixi rəqabət və siyasi kölgə
İngiltərə ilə Argentina arasındakı qarşıdurma uzun illərdir futbol meydanını aşaraq siyasi müstəviyə də keçib. Bu rəqabətin ən yaddaqalan səhifəsi 1986-cı il dünya çempionatının 1/4 finalıdır. Həmin oyunda Diyeqo Maradona əvvəlcə məşhur "Tanrının əli" qolu, daha sonra isə dünya çempionatları tarixinin ən gözəl qollarından biri ilə Argentinaya qələbə qazandırmışdı.
Maradona sonradan həmin qolu 1982-ci il Folklend (Malvin) müharibəsindəki məğlubiyyətin rəmzi qisası adlandırmışdı. Müharibə 74 gün davam etmiş, yüzlərlə insanın həyatına son qoymuşdu və Argentina bu gün də adalar üzərində Böyük Britaniyanın suverenliyini tanımır.
Lakin Argentina millisinin baş məşqçisi Lionel Skaloni bildirib ki, futbolu siyasətlə qarışdırmaq düzgün deyil. Onun sözlərinə görə, bu, sadəcə futbol oyunudur və keçmiş faciələrə hörmətlə yanaşmaq lazımdır. Buna baxmayaraq, Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel sosial şəbəkədə İngiltərə ilə oyunun "sadəcə futbol olmadığını", bunun Malvin adaları və milli qürur məsələsi olduğunu yazıb.
Messi amili və İngiltərənin əsas silahı
39 yaşlı Lionel Messi ilk dəfə dünya çempionatında İngiltərəyə qarşı meydana çıxacaq. Səkkizqat "Qızıl top" sahibi turnirdə artıq 8 qol vurub və bombardirlər siyahısında Kilian Mbappe ilə zirvəni bölüşür. Mütəxəssislər hesab edir ki, İngiltərənin əsas vəzifəsi Messiyə ötürmələrin qarşısını almaq olacaq. Çünki Argentina hücumlarının böyük hissəsi məhz onun üzərindən qurulur.
İngiltərə isə hücumda Harri Keyn və Cud Bellinqemə güvənir. Hər iki futbolçu turnirdə 6 qol vurub. Bellinqem son iki pley-off oyununda vurduğu 4 qolla komandasını yarımfinala daşıyan əsas fiqurlardan biri olub. Argentina millisinin baş məşqçisi Skaloni də etiraf edib ki, əsas məqsədi Keyn və Bellinqemin təsirini minimuma endirməkdir.
Superkompüter favoriti açıqladı
Futbol ekspertləri oyunda açıq favorit göstərməkdə çətinlik çəkirlər. Onların fikrincə, Argentina psixoloji üstünlüyə malikdir, çünki komandanın əksər futbolçuları artıq dünya çempionu olub və belə oyunların təzyiqini yaxşı tanıyır. İngiltərə isə 60 ildən sonra ilk dəfə dünya çempionatının finalına çıxmaq arzusu ilə meydana çıxacaq.
Bu arada "Opta" analitik platformasının superkompüteri Fransa turnirdən kənarlaşdıqdan sonra proqnozunu yeniləyib. Yeni hesablamaya əsasən, dünya çempionu olmaq şansı ən yüksək olan komanda İspaniyadır - 55,59 faiz. İngiltərənin çempionluq ehtimalı 23,32 faiz, Argentinanın isə 21,09 faiz qiymətləndirilir.