ABŞ-də ilk dəfə cərrahi əməliyyatlar məsafədən idarə olunan humanoid robotların iştirakı ilə həyata keçirilib.
ABŞ-ın Kaliforniya Universitetinin (San-Dieqo) alimləri tarixdə ilk dəfə humanoid robotların iştirakı ilə cərrahi əməliyyatlar həyata keçiriblər.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "US San Diego Jacobs School of Engineering" nəşri yazıb.
"Nature" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, bu texnologiya gələcəkdə ucqar bölgələrdə, səhra hospitalarında və hətta döyüş şəraitində tibbi yardımın göstərilməsində mühüm rol oynaya bilər.
Tədqiqat çərçivəsində məsafədən idarə olunan iki humanoid robotun iştirakı ilə iki uğurlu əməliyyat aparılıb. Birinci əməliyyatda robot cərrah-assistentlə birlikdə öd kisəsini çıxarıb. İkinci əməliyyatda isə eyni prosedur iki humanoid robot tərəfindən insanın birbaşa iştirakı olmadan icra edilib. Hər iki əməliyyat iri heyvanlar üzərində aparılıb.
Robotlar cərrah çatışmazlığını aradan qaldıra bilər
Tədqiqat müəlliflərinin sözlərinə görə, humanoid robotlar gələcəkdə əvvəlcə cərrahlara köməkçi kimi fəaliyyət göstərəcək, sonrakı mərhələdə isə mütəxəssislərin məsafədən nəzarəti altında mürəkkəb əməliyyatları müstəqil yerinə yetirə biləcəklər.
Layihə rəhbərlərindən biri, professor Maykl Yip bildirib ki, dünyada cərrah çatışmazlığı səbəbindən milyonlarla insan vaxtında tibbi yardım ala bilmir. Onun fikrincə, humanoid robotlar bu problemi qismən həll edərək həyati əhəmiyyət daşıyan əməliyyatları daha əlçatan edə bilər.
Döyüş meydanından kosmosa qədər
Alimlər qeyd edirlər ki, ənənəvi cərrahi robotlardan fərqli olaraq humanoid robotlar daha yüngül, mobil və universaldır. Təxminən 152 santimetr boyunda və cəmi 27 kiloqram çəkidə olan "Surgie" adlı robotlar adi əməliyyat otaqlarında asanlıqla istifadə oluna bilir və xüsusi infrastruktur tələb etmir.
Tədqiqatçılar hesab edir ki, bu robotlardan kənd və ucqar bölgələrdə, təbii fəlakət zonalarında, döyüş meydanlarında, axtarış-xilasetmə əməliyyatlarında, hətta gələcəkdə kosmik missiyalar zamanı da istifadə etmək mümkün olacaq.
Hazırda texnologiyanın təkmilləşdirilməsi üzərində iş davam edir. Alimlər robotların hərəkətlərindəki gecikməni azaltmağa və onların gələcəkdə cərrahlarla bir komandada, daha müstəqil şəkildə işləməsinə nail olmağı hədəfləyirlər.