Aİ nümayəndə ermənilərin “Sevan” adlandırdığı  Göyçə gölünün çirkabdan təmizlənməsi üçün tədbirlər görülməsi məqsədilə İrəvana gəldi...
 




Avropa İttifaqı (Aİ) uzun illərdir Cənubi Qafqaz regionunda, o cümlədən həm Ermənistan, həm də Azərbaycanda təbii su hövzələrinin – dəniz, göl və çayların ekoloji təmizliyinin qorunması üçün ardıcıl fəaliyyət göstərir. 
 
Moderator.az əməkdaşının araşdırmasından  bəlli olur ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bu strateji ekoloji kursun davamı olaraq, 15 iyul tarixində Vardenis icmasının rəhbəri Aharon Xaçatryan Avropa İttifaqının nümayəndə heyətini qəbul edib. 
 
Nümayəndə heyətinin tərkibinə Əməkdaşlıq Departamentinin rəhbəri Frank Hess, “EU4Sevan+” Proqramının rəhbəri Nils Teves, həmçinin məsləhətçilər Martin Yaeger və Karapet Ohanyan daxil olub. Səfərin əsas məqsədi Vardenis( tarixi Basarkeçər-Göyçə ərazisi) icmasında təbii məhlullardan istifadə etməklə mərkəzləşdirilməmiş çirkab sularının təmizlənməsi üçün seçilmiş ərazilərin təqdimatı və müzakirəsi olub. Görüş zamanı tərəflər layihənin uğurla icra edilməsi məqsədilə növbəti praktiki addımları və maraqlı tərəflərlə əlaqələndirmə işlərini geniş şəkildə nəzərdən keçiriblər. İcma rəhbəri Aharon Xaçatryan qonaqları salamlayaraq səmərəli əməkdaşlığa görə təşəkkür edib və bu təşəbbüsün Göyçə gölü ekosisteminin qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb... 

Olduqca isti və konstruktiv atmosferdə keçən bu görüş bölgədəki su ehtiyatlarının idarə olunmasında mühüm mərhələ hesab olunur. Ermənistan Ətraf Mühitin Mühafizəsi Nazirliyi 2025-ci ilin mart ayında ümumi dəyəri 5,68 milyon avro olan beşillik “Göyçə gölünün ətraf mühitinin mühafizəsi” (“EU4Sevan”) proqramını rəsmən başa çatdırıb. Lakin Ermənistanın “Hetq” nəşri “Göyçə gölünün xilas edilməsi üçün xərclənmiş vəsaitlər, nəticəsiz layihələr” başlıqlı tənqidi məqaləsində bu proqramın effektivliyini sorğulayıb. Nəşrin materiallarına istinad edən Azərbaycanın Ordu.az saytı qeyd edir ki, layihənin əsas tərkib hissəsi gölə axıdılan çirkab sularının təmizlənməsi xidmətlərinin yaxşılaşdırılması və idarə olunmasından ibarət olub. Digər tərəfdən, Ermənistan hökuməti gölün ekosistemini bərpa etmək məqsədilə 2022-ci il dekabrın 8-də “Göyçə hövzəsinin idarəetmə ərazisinin 2022-2027-ci illər üçün idarəetmə planı”nı təsdiqləmişdi... 
 
Avropa İttifaqı və Almaniya hökumətinin birgə maliyyələşdirdiyi “EU4Sevan” proqramı hələ 2020-ci ilin sentyabrından etibarən müvafiq nazirlik, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və BMT-nin İnkişaf Proqramı (BMT İP) tərəfindən icra edilirdi. Bu proqram idarəetmə planında əksini tapmış ən aktual regional ekoloji problemlərə effektiv həll yolları tapmalı idi...
 
Eyni zamanda, Avropa İttifaqı Azərbaycanda da təbii su hövzələrinin və sahilyanı zonaların təmizlənməsi istiqamətində uzun illərdir çoxsaylı uğurlu kampaniyalar həyata keçirir. Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Dənizi birgə qoruyaq” devizi altında Xəzər dənizi çimərliklərinin tullantılardan təmizlənməsini mütəmadi olaraq dəstəkləyir. Bu çərçivədə, 2021-ci il 25 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti #EUBeachCleanup aksiyası təşkil olunub. Tədbirdə Aİ-yə üzv dövlətlərin səfirlikləri, Gənc Avropa Səfirləri, “AzEkol” şirkətinin nümayəndələri, eləcə də çoxlu sayda məktəbli və gənc könüllü fəal iştirak edib. Həmin aksiya zamanı Bakı şəhərinin Dübəndi qəsəbəsində yerləşən 6 hektarlıq dənizsahili ərazi plastik tullantılardan tamamilə təmizlənib. Həmçinin Aİ Nümayəndəliyinin birbaşa dəstəyi ilə həmin ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi müasir konteynerlər yerləşdirilib.  

Bu genişmiqyaslı aksiyanın əsas məqsədi Abşeron çimərliklərini təmizləməklə yanaşı, həm də medianın və ictimaiyyətin diqqətini dənizin plastiklə çirklənməsi problemlərinə cəlb etmək olub. Qeyd olunan tədbir o dövrün şərtlərinə uyğun olaraq, “COVID-19” pandemiyası qaydalarına və sosial məsafə prinsiplərinə tam əməl edilməklə təhlükəsiz şəraitdə keçirilib... 
 
Aİ hər il sentyabr ayında qlobal səviyyədə sahilyanı ərazilərin təmizlənməsi ilə bağlı #EUBeachCleanup məlumatlandırma kampaniyaları təşkil edir. Təkcə 2019-cu ildə Azərbaycan da daxil olmaqla, dünyanın 80-ə yaxın ölkəsində 40 mindən çox könüllü bu ekoloji hərəkata səfərbər olunub. 2021-ci ildə isə Aİ bu istiqamətdə BMT-nin iqlim dəyişikliyinə dair "ActNow" fəaliyyət kampaniyası ilə rəsmən birləşib. Həmin ilin əvvəlində #EUBeachCleanup aksiyası BMT tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin nümunəvi təcrübəsi kimi yüksək qiymətləndirilib...
 
Aİ-nin Azərbaycandakı analoji fəaliyyətləri daha əvvəlki illəri də əhatə edir; belə ki, 2018-ci il 15 sentyabr tarixində də rəsmi nümayəndəlik tərəfindən analoji çimərlik təmizliyi kampaniyası keçirilmişdi. Beynəlxalq Sahilyanı Təmizlik Gününə təsadüf edən həmin aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, "EkoSfera" Sosial və Ekoloji Mərkəzi də yaxından iştirak etmişdi. O zaman diplomatik icmanın 200-dən çox nümayəndəsi və onların ailə üzvləri Bakının Novxanı qəsəbəsindəki çimərliklərin təmizlənməsi üçün güclərini birləşdirmişdilər. Kampaniyaya Azərbaycan-Fransız Universitetinin tələbələri və Aİ nümayəndəliyinin keçmiş məzunları da böyük coşğu ilə qoşulmuşdular. Kampaniya zamanı dənizdəki zibillərin 95%-nin dibə çökərək floraya zərər verdiyi, sahildəki zibillərin isə 80-85%-nin plastikdən ibarət olduğu barədə mühüm faktlar ictimaiyyətə çatdırılıb... 
 
Hər il dənizlərə atılan 8 milyon ton plastik tullantının qida zəncirinə daxil olaraq insan sağlamlığını təhdid etdiyi xüsusilə vurğulanıb. BMT-nin hesablamalarına görə, plastik zibillərin dəniz ekosisteminə vurduğu illik ziyan 13 milyard ABŞ dolları dəyərində ölçülür. Bu qlobal problemin həlli üçün Aİ həm daxildə, həm də xaricdə daha təmiz okeanlar və su hövzələri naminə fəaliyyətini qətiyyətlə davam etdirir.


 



Sultan Laçın