Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda Moskvanın hərbi, iqtisadi və siyasi imkanları ilə bağlı müzakirələr daha da intensivləşib. Beynəlxalq sanksiyaların təsiri, cəbhədə davam edən itkilər və Rusiyanın qlobal mövqeyində baş verən dəyişikliklər fonunda ölkənin gələcək perspektivləri yenidən ekspertlərin diqqət mərkəzinə çevrilib. 


Maraqlıdır, mövcud gedişat Rusiyanın daxili sabitliyi və dövlətçilik perspektivləri üçün hansı riskləri yaradır? Müharibənin davamı Kremlin strateji mövqeyini zəiflədə, hətta ölkənin gələcək siyasi taleyinə təsir göstərə bilər?






Mövzu ilə əlaqədar Moderator.az-a politoloq diplomat Fikrət Sadıxov açıqlama verib. 



Politoloq qeyd edib ki, Rusiyanın birmənalı şəkildə iqtisadi və hərbi potensialı tükənir:


"Baxmayaraq ki, böyük dövlətdir, nüvə silahına malikdir. Eyni zamanda, aparıcı dövlətlər tərəfindən sanksiyalara məruz qalan bir ölkəyə çevrilib. Artıq Avropa İttifaqı tərəfindən ona 20 sanksiya paketi tətbiq olunub. ABŞ da Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən biridir.


Əlbəttə, ola bilsin ki, yaxın gələcəkdə Rusiya çökməsin. Amma onun zəifləməsi artıq reallıqdır. Əgər Şimali Koreya və İran kimi dövlətlərə arxalanırsa, əlbəttə, bu, onun perspektivlərinin ümidverici olmadığını göstərir. Dünya birliyində də, demək olar ki, onun müttəfiqi qalmayıb.


Deməli, ya bu müharibəni sona çatdırmalıdır, ya da irəli sürülən müəyyən təkliflərlə razılaşmalıdır. Çünki vasitəçilər var və onlar öz təkliflərini irəli sürüblər. Əks halda, Rusiyanın ilkin planı olan Ukraynanı işğal etmək niyyəti, əlbəttə ki, baş tutmayacaq. Bu, artıq görünən bir faktdır və Rusiya xeyli zəifləyəcək.


Onun yeganə silahı nüvə silahı olacaq. Lakin bu da Rusiyanın iqtisadi potensialını gücləndirən və ya əhalisinin sosial rifahını yaxşılaşdıran amil deyil".


Pərvin Şakirqızı