Rusiya iyulun 16-na keçən gecə Ukraynaya növbəti kütləvi raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. 




 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı Bryansk vilayətindən buraxılan 8 "İskəndər-M"/S-400 ballistik raketindən 3-ü vurulub. Həmçinin Qara dənizdən buraxılan 4 X-22/32 qanadlı raketin hədəfə çatmadığı, ümumilikdə isə müxtəlif tipli 146 zərbə PUA-sından 129-nun məhv edildiyi bildirilib.
 
Hücum nəticəsində Kiyevin Darnitski və Svyatoşın rayonları zərər görüb. Anbar və inzibati binalarda genişmiqyaslı yanğınlar baş verib. Ukrayna Fövqəladə Hallar Xidməti iki nəfərin həlak olduğunu, beş nəfərin isə yaralandığını açıqlayıb. Yaralananlar arasında bir uşağın da olduğu qeyd edilir.
 
Eyni vaxtda Ukrayna pilotsuz aparatlarla Rusiyanın bir sıra bölgələrinə zərbələr endirib. Saratov vilayətinin Engels şəhərində hərbi "Engels-2" aviabazası ərazisində yanğın baş verdiyi barədə məlumatlar yayılıb. Yerli mənbələr təyyarələrin saxlanıldığı ərazinin və elektrik yarımstansiyasının zərbə aldığını, şəhərdə elektrik enerjisində fasilələrin yarandığını bildiriblər. 
 


Rusiya tərəfi isə bu məlumatları rəsmi şəkildə təsdiqləməyib. Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif bölgələri və ilhaq edilmiş Krım üzərində 375 Ukrayna pilotsuz aparatının vurulduğunu açıqlayıb. Ukrayna isə Rusiyanın dəniz logistikası və hərbi infrastrukturuna qarşı əməliyyatlarını davam etdirdiyini bəyan edib.